Medianews.az
Restoranlar Ramazanı qazanc fürsətinə çevirir:
419 baxış

Restoranlar Ramazanı qazanc fürsətinə çevirir: Əhali istismara məruz qalır – İlahiyyatçıdan SƏRT AÇIQLAMA

Ramazan ayında xeyirxahlıq və qənaət ön plandadır, amma bəzi iaşə obyektləri bu fürsətdən əlavə gəlir əldə etmək üçün istifadə edir. Günorta ucuz olan yeməklər axşam “iftar süfrəsi” adı ilə baha qiymətə təqdim olunur, eyni zamanda bəzi oruc tutanlar da bahalı süfrələrdə israfçılıq edir. Bu vəziyyət Ramazanın əsl mənasına ziddir. Bəs insanlar müqəddəs ayda israfçılıqdan necə uzaq qala bilərlər? Bahalı “iftar süfrələri”ni seçmək doğru seçimdirmi? İslamda israfçılığa münasibət necədir?  

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib ki, bəzi işbazlar və tamahkar adamlar dini və mənəvi dəyərləri maddi mənafe vasitəsinə çevirib əhalini istismar edirlər.

“Qurban bayramında qurban ətini satırlar, Ramazanda iftarı satırlar. Bununla həm də dini, imanı satmış olurlar. Əhali helə yerlərdə iftar etməməlidir. Çünki bu, dininin təvazökarlıq və səxavət prinsiplərinə tamamilə ziddir. İsrafçılıq da haramdır. Elə ailələr var ki, iftar açmaq üçün quru çörəyi çətinliklə tapır. Amma bəziləri isə bahalı menyularda təqdim olunan zəngin süfrələr arxasında oturub guya iftar açırlar. Bu, Ramazanın sosial bərabərlik funksiyasına da uyğun deyil. İslamda isfarçılıq ən böyük günahlardandır. Bu ay fiziki, maddi cəhətdən bəslənmək, bordanmaq ayı da deyil. Əksinə pəhriz, təvazö, sadəlik, səxavət və mərhəmət etmək ayıdır. İnsanlara dinin mahiyyəti düzgün çatdırılmır. Din xadimlərinin çoxu ya savadsız ya da yanlış istiqamət götürmüş şəxslərdir. Çoxu da bu halalı menyular arxasında əyləşənlərdir. Ona görə tənqid edə bilməzlər”.

T.İrfan qeyd edib ki, hazırda restoran və kafelər əhalini istismar edir:

“Varlı oruc tutanların da bəzisinin imanı kasıbdır. Ona görə kasıbın halını düşünmədən öz qarnını doldurur. Bu ayda mümkün qədər az qidalanmaq lazımdır. Əsas mənəvi qidalara, ibadət, xeyirxahlıq, sədəqə, ehsan vermək kimi yardımlaşmağa önəm verilməlidir. Hətta İmamları belə süfərlərə dəvət etdikdə onlar imtina edərmişlər. Çünki israf etmək, kasıbı düşünmədən öz qarnını doldurmaq İslamın nəcib ruhuna ziddir. Bir çox müsəlman ölkələrində Ramazan ayında dükanlar, ticarət müəssisələri qiymətlərdə endirim edir, kasıb təbəqənin durumuna uyğun əlavə yardımlar həyata keçirirlər. İnanırlar ki, bu xeyirxahlığın qarşılığında həm savab qazanırlar həm də kasıb adamları sevindirmiş olurlar”.

İlahiyyatçı hesab edir ki, Azərbaycanda ticarət müəssisələrinin sahibləri düşünür ki, ildə bir dəfə ələ düşən fürsəti fövtə vermək olmaz, mütləq əhalini soymaq lazımdır:

“İftar adı ilə bahalı menyularla, qiymətləri daha da bahalaşdırmaqla, mümkün qədər saxta məhsulları da gözünə qatıb camaata sırımaqla maddi qazancı artırmağı düşünürlər. Şübhəsiz ki, bu dindən ticarət məqsədi ilə sui-istifadə halıdır və imansızlıqdan irəli gəlir. Düzgün maarifləndirmə aparmaq, nümunə göstərmək lazımdır. Bunu da ilk növbədə sağlam din xadimləri etməlidir. Hərə bir fətvanın təsirinə düşüb fərqli istiqamətə getməməlidir. Vahid istiqamət üzrə müvafiq qurumların tövsiyələri əsasında əhali maarifləndirilməlidir. Bunu da gərək Qafqaz Müsəlmanları İdarəsi etsin. Fətva lazımdırsa fətva versin, tövsiyə lazımdırsa onu etsin. Dinin israfa, şöhrətbazlığa, dəbdəbəyə qarşı olduğunu nəzakətli formada çatdırsın. Amma təəssüf ki, bu kimi qarşıya çıxan aktual mövzularda həmin idarənin və onlara bağlı din xadimlərinin rolunu görmürük”.

Oğuz Ayvaz

Medianews.az 

Bizə qoşulun