Ramazan ayının son günündə Məscidül-Həramda minlərlə müsəlman güclü yağış altında ibadət edib.
Medianews.az xəbər verir ki, Kəbə ətrafında toplaşan zəvvarlar yağışa baxmayaraq təvaf edərək dualarını davam etdiriblər.
Məkkə Regional Qubernatorluğunun sosial media hesabında yayımlanan görüntülərdə yüzlərlə insanın yağış altında əllərini göyə qaldıraraq dua etdiyi əks olunub. Paylaşım “Məscidül-Həramdan yağış və dualar” başlığı ilə təqdim edilib və Ramazan ayının mənəvi ab-havası ilə yanaşı, yağışın bərəkəti xüsusi vurğulanıb.
Sosial mediada yayılan digər kadrlarda isə yağışın intensivliyi aydın şəkildə görünür. Buna baxmayaraq, zəvvarlar ibadətlərini dayandırmayaraq dini ayinləri yerinə yetirməyə davam ediblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı başda olmaqla Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Bəhreyn, Livan, Sudan, Fələstin və Küveyt 20 mart tarixini Ramazan bayramının ilk günü elan ediblər.