Medianews.az
Regionlara gedən qatarlarla bağlı
79 baxış

Regionlara gedən qatarlarla bağlı MARAQLI TƏKLİF

“Şəhər böyüdükcə nəqliyyat qovşaqları da şəhərin inkişafına uyğun olaraq yerini dəyişir, yenilənir və transformasiya olunur. Məsələn, 1930-cu illərdə Bakı hava limanı Keşlə qəsəbəsində, indiki SOCAR Tower-in yerləşdiyi ərazidə fəaliyyət göstərirdi. 1933-cü ildən etibarən isə Binə qəsəbəsindəki indiki yerinə köçürüldü və illər ərzində genişlənərək müasir beynəlxalq hava limanına çevrildi”.

Medianews.az xəbər verir ki, bu barədə nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirov öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, müasir şəhərlərdə əsas məqsəd bütün nəqliyyat axınlarını bir nöqtədə toplamaq deyil, müxtəlif istiqamətlər üzrə əlçatan və inteqrasiya olunmuş nəqliyyat qovşaqları yaratmaqdır:

“Avtovağzalın da maraqlı inkişaf yolu var. İlk dövrlərdə Tbilisi prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində yerləşən avtovağzal sonradan “20 Yanvar” metrostansiyası yaxınlığına köçürüldü, 2009-cu ildən isə Sulutəpədə fəaliyyət göstərən müasir Bakı Beynəlxalq Avtovağzal Kompleksi istifadəyə verildi. Dəmiryol vağzalı isə 1880-ci ildən şəhərin mərkəzində fəaliyyətini davam etdirir.

Bu günlərdə Tbilisidən Batumiyə gedən avtobusların bir deyil, üç fərqli məntəqədən – Ortaçala avtovağzalından, Tbilisi Sərnişin Dəmiryol Stansiyasından və Didube avtovağzalından yola düşməsi diqqətimi çəkdi. Bu yanaşma sərnişinlərə şəhərin müxtəlif hissələrindən daha rahat çıxış imkanı yaradır.

Daha əvvəl regionlara gedən bəzi qatarların “Koroğlu” nəqliyyat qovşağından keçməsi ilə bağlı təklif irəli sürmüşdüm. Hesab edirəm ki, “Koroğlu” metrostansiyasının piramida çıxışı istiqamətində əlavə avtostansiyanın yaradılması da məqsədəuyğun ola bilər. Bu, şəhərin şərq hissəsində yaşayan sakinlərin regionlararası nəqliyyata çıxışını asanlaşdırar, sərnişinlərin avtovağzala çatmaq üçün şəhərin bir başından digər başına getməsi ehtiyacını azaldar və ümumilikdə şəhərdaxili nəqliyyat yükünün bir hissəsinin paylanmasına kömək edər.

Müasir şəhərlərdə əsas məqsəd bütün nəqliyyat axınlarını bir nöqtədə toplamaq deyil, müxtəlif istiqamətlər üzrə əlçatan və inteqrasiya olunmuş nəqliyyat qovşaqları yaratmaqdır. Koroğlu da gələcəkdə belə regional nəqliyyat qovşaqlarından birinə çevrilə bilər”./yenisabah/

Bizə qoşulun