Aprelin 17-də Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 88 yaşı tamam olur.
Medianews.az xəbər verir ki, bu, Ramiz Mehdiyevin ev dustaqlığında qarşıladığı ilk ad günüdür.
O, ötən il oktyabrın 14-dən ev dustağıdır. Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə hakimiyyəti zorla ələ keçirmə cəhdində, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmada ittiham olunan Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri istintaq orqanının (Dövlət Təhlükəsizliyi Xidməti) təqdimatı, məhkəmənin (Səbail Rayon Məhkəməsi) qərarı ilə seçilib.
Ramiz Mehdiyev barəsində başladılmış cinayət işinin istintaqı çərçivəsində dörd nəfər həbsdədir: AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim və Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq əməkdaşı Eldar Əmirov, “Hürriyyət” qəzetinin, Hurriyyet.az saytının və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu).
Əli Kərimli və Məmməd İbrahim hakimiyyəti zorla ələ keçirmə cəhdində, Eldar Əmirov həmçinin hakimiyyəti zorla ələ keçirmə cəhdinə kömək göstərməkdə, Vüqar Məmmədov isə xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilir.
Dörd şəxsin hamısı ötən il DTX-nin keçirdiyi əməliyyatla tutulub, barələrində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Ramiz Ənvər oğlu Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində doğulub. 1965-1974-cü illərdə komsomol təşkilatlarında, 1974-1978-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləyib. 1978-1980-ci illərdə 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin birinci katibi olub. 1980-ci ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1983-cü ildən katibi postlarında çalışıb. 1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub. 1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri, 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.