Medianews.az
Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytından çıxarıldı
1,787 baxış

Ramiz Mehdiyevin adı Təhlükəsizlik Şurasının saytından çıxarıldı

Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının rəsmi internet səhifəsində dəyişiklik edilib.

Medianews.az bildirir ki, saytın “Təhlükəsizlik Şurasının tərkibi” bölməsi deaktiv edilib.

Bu bölmədə, adından göründüyü kimi, Təhlükəsizlik Şurası üzvlərinin siyahısı təqdim olunurdu. Siyahıda Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin də adı var idi.

Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının tərkibinə 2019-cu ilin oktyabrında daxil edilmişdi.

2025-ci il oktyabrın 14-də ölkə mediasında Ramiz Mehdiyevin ağır cinayətlərdə (hakimiyyəti zorla ələ keçirmə cəhdi, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) ittiham edildiyi haqda xəbər yayılıb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı, Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçdiyi bəyan olunub. Oktyabrın 18-də ölkə mediasında Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıldığı haqda da məlumatlar dərc edilib.

Hələ ki, qeyd olunanlar barədə rəsmi açıqlamalar verilməsə də, Təhlükəsizlik Şurasının saytındakı dəyişikliyə bu xəbərlərin bir təsdiqi kimi baxmaq mümkündür.

Məşvərətçi orqan olan Təhlükəsizlik Şurası milli təhlükəsizliyin təmin edilməsi sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi, dövlətin xarici və daxili təhlükəsizliyinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı təkliflər verir, milli təhlükəsizliyin təmin edilməsi, habelə dövlətin konstitusiya quruluşunun, suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün qorunması, ölkədə daxili təhlükəsizliyin və ictimai-siyasi sabitliyin vəziyyəti ilə bağlı məsələlərə baxır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun