Hakimiyyəti zorla ələ keçirmə cəhdi, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma ittihamları ilə ev dustaqlığına alınan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin işi üzrə tutulan dörd nəfər barəsində yeni qərarlar qəbul olunub.
Medianews.az xəbər verir ki, söhbət AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, “Hürriyyət” qəzetinin, Hurriyyet.az saytının və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) və Prezident Administrasiyasının sabiq əməkdaşı Eldar Əmirovdan gedir.
Adıçəkilən şəxslər ötən il tutulublar və barələrində həbs qətimkan tədbirləri seçilib. Həmin həbs qətimkan tədbirlərinin müddəti fevralın 13-də başa çatırdı.
Fevralın 9-da Səbail Rayon Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqlərinin vəsaiti əsasında Əli Kərimli, Məmməd İbrahim, Vüqar Məmmədov və Eldar Əmirov barəsində həbs qətimkan tədbirlərinin müddətinin 4 ay uzadılması ilə bağlı təqdimata baxılıb.
Məhkəmə hər bir təqdimatı təmin edib və təqsirləndirilən şəxslərin həbs müddəti 4 ay uzadılıb.
Ramiz Mehdiyev 2025-ci il oktyabrın 14-də DTX-nin təqdimatı, Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylığa ev dustaqlığına alınıb. Onun barəsində seçilən qətimkan tədbirinin müddəti fevralın 13-də başa çatır. İstintaqın bu müddətin də artırılıb-artırılmaması barədə təqdimat verdiyi hələ bilinmir.
Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri, Əli Kərimli, Məmməd İbrahim və Eldar Əmirov 278.1-ci, Vüqar Məmmədov isə 182.2.4-cü maddəsi ilə təqsirləndirilir.
Həbs edilənlər DTX-nin istintaq təcridxanasında saxlanılırlar.
Cinayət Məcəlləsinin 278.1-ci maddəsi Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
274-cü maddə dövlətə xəyanət haqqındadır. Dövlətə xəyanət, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
193-1-ci maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma haqqındadır. Bu maddənin 3.2-ci bəndinə, yəni 193-1.3.2-ci maddəyə əsasən, eyni əməli xeyli miqdarda (“xeyli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür) törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.