Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ilk dəfə olaraq ad gününü ev dustaqlığında qarşılayacaq.
Medianews.az xəbər verir ki, bu il aprelin 17-də Ramiz Mehdiyevin 88 yaşı tamam olur.
2025-ci ildə ona Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə ittiham irəli sürülüb və istintaqı aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdimatı, Səbail Rayon Məhkəməsinin qərarı ilə Ramiz Mehdiyev oktyabrın 14-də 4 aylığa ev dustaqlığına alınıb. 2026-cı il fevralın 10-da isə ev dustaqlığının müddəti daha 4 ay uzadılıb.
Deməli, istintaq hələ davam edir və iş ən tezi yayda tamamlanıb məhkəməyə göndərilə bilər.
Ramiz Ənvər oğlu Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasını bitirib. Fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.
“Xəzərdənizneft” İdarəsində çalışıb, Azərbaycan Dövlət Universitetinin müəllimi olub. 1965-ci ildən Azərbaycanın mərkəzi komsomol təşkilatında təlimatçı, 1967-ci ildən Naxçıvan Muxtar Respublikasının komsomol təşkilatında ikinci katib olub. 1974-1978-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işləyib. 1978-1980-ci illərdə 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin birinci katibi olub. 1980-ci ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1983-cü ildən katibi postlarında çalışıb. 1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.
1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri, 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.
Cinayət Məcəlləsinin 278.1-ci maddəsi Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
274-cü maddə dövlətə xəyanət haqqındadır. Dövlətə xəyanət, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
193-1-ci maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma haqqındadır. Bu maddənin 3.2-ci bəndinə, yəni 193-1.3.2-ci maddəyə əsasən, eyni əməli xeyli miqdarda (“xeyli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür) törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Ramiz Mehdiyev barəsində başladılmış cinayət işinin istintaqı çərçivəsində dörd nəfər həbsdədir: AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim və Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq əməkdaşı Eldar Əmirov, “Hürriyyət” qəzetinin, Hurriyyet.az saytının və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu).
Əli Kərimli, Məmməd İbrahim və Eldar Əmirov Cinayət Məcəlləsinin 278.1-ci, Vüqar Məmmədov isə 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilir.
Adıçəkilən dörd şəxsin hamısı ötən il DTX-nin keçirdiyi əməliyyatla tutulub, barələrində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. 2026-cı ilin fevralında onların həbs müddəti 4 ay uzadılıb.
Toğrul Əli,
Medianews.az