Medianews.az
Ramazan ayında bağlanan Əl-Əqsa məscidi:
104 baxış

Ramazan ayında bağlanan Əl-Əqsa məscidi: ETİRAZLAR ARTIR

Ramazan ayında Əl-Əqsa məscidini bağlı qalması güclü etirazlara səbəb oldu.

Medianews.az Lent.az-a istinadən xəbər verir ki, Qətər, İordaniya, İndoneziya, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri müsəlmanların müqəddəs Ramazan ayı zamanı İsrailin Əl-Əqsa məscidini artıq 12-ci gündür bağlı saxlamasını pisləyib.

Əvvəlcə ondan başlayaq ki, İslam dünyası üçün bu məscidin anlamı nədir?

Əl-Əqsa məscidi islam dünyasında ən müqəddəs məkanlardan biri hesab olunur və bu məscid Qüds şəhərində yerləşir. İslam inancına görə, bu məscid Məkkədəki Kəbə və Mədinədəki Məscid‑i Nəbəvi məscidlərindən sonra üçüncü ən müqəddəs ibadət yeridir.

İslam mənbələrinə görə, Məhəmməd Peyğəmbərin “İsra və Merac” hadisəsi zamanı Məkkədən Qüdsə gətirildiyi və Əl-Əqsa məscidində namaz qıldığı qeyd olunur. Bu səbəbdən məscid müsəlmanlar üçün xüsusi dini və mənəvi əhəmiyyət daşıyır. Elə buna görə də, məscidin yerləşdiyi Əl-Hərəm əş-Şərif kompleksi həm dini ibadət, həm də tarixi abidələr baxımından böyük əhəmiyyətə malikdir.

Bu məkan həm müsəlmanlar, həm də digər dinlərin nümayəndələri üçün mühüm dini ərazi sayıldığı üçün Qüds şəhəri uzun illərdir dini və siyasi mübahisələrin mərkəzində qalır.

Bu məscidlə bağlı islam ölkələrinin yaydığı birgə bəyanatda səkkiz ərəb və islam ölkəsinin xarici işlər nazirləri İsrailin Qüdsün Qədimi şəhərinə və oradakı ibadət yerlərinə fələstinlilərin girişini məhdudlaşdırmasının beynəlxalq hüququn, o cümlədən beynəlxalq humanitar hüququn, həmçinin mövcud tarixi və hüquqi status-kvonun və ibadət yerlərinə sərbəst giriş prinsipinin açıq şəkildə pozulması olduğunu bildiriblər.

Bəyanatda qeyd olunub ki, nazirlər bu qanunsuz və əsassız addımı qəti şəkildə rədd edir və pisləyirlər. Onlar həmçinin İsrailin Əl-Əqsa məscidində (Əl-Hərəm əş-Şərif) və ibadət edənlərə qarşı davam edən təxribatçı addımlarını qınayıblar. Nazirlər vurğulayıblar ki, İsrailin işğal olunmuş Qüds üzərində və ya onun islam və xristian müqəddəs məkanları üzərində suverenliyi yoxdur.

Bəyanatda əlavə olunub ki, Əl-Əqsa məscidinin bütün ərazisi yalnız müsəlmanlara məxsusdur və İordaniyanın Vəqflər və İslam İşləri Nazirliyinə bağlı Qüds Vəqfləri və Əl-Əqsa məscidi işləri idarəsi bu məkan üzərində müstəsna səlahiyyətə malik yeganə hüquqi qurumdur.

Bizə qoşulun