Medianews.az
Dünyada analoqu olmayan xalçanın müəllifi: "Xalça da qız kimidir, evdə qalsa da dərddir, getsə də" -
170 baxış

Dünyada analoqu olmayan xalçanın müəllifi: "Xalça da qız kimidir, evdə qalsa da dərddir, getsə də" - FOTOLAR

“Xalça Azərbaycanda ilk iqtisadi faktor olub. Azərbaycana valyuta gətirib. Dünada 400-ə yaxın xalq var. Cəmi 193 dövlət var. Hər xalq dövlət yaratmaq iqtidarında deyil. Dövlət yaratmaq üçün millətin potensialı olmalıdır. Ərazisi olmalıdır, dili olmalıdır və iqtisadiyyatı olmalıdır. 3 faktordan biri də iqtisadiyyatdır. Dövlətin də, ailənin də, iqtisadiyyatın da yaranmasında xalça iştirak edir. İndi internetdə tanış olurlar, amma qədimdə belə deyildi. Bir qızla oğlanı ailə həyatı qurmaq üçün tanış edəndə burada da yenə köməyə xalça gəlirdi. Kələfi verirdilər qonşudakı oğlana, qız da yumaqlayırdı. Məsafə də metrə yarımdan çox olmamalı idi. Çünki İp sallanardı, yerdən toz-torpağı, zirt-zibili yığardı.. Bu müddət ərzində arada 40-50 dəqiqə ünsiyyət yaranardı. Bir-birlərinə sual verərdilər, beləliklə də həm xalça, həm ailə, həm də dövlət yaranardı. Xalça bizim millət üçün bu qədər önəmlidir. Dünya xalça məktəblərini götürsək bizim xalça sənətimiz daha interaktivdir. Nənələrimiz, babalalarımız, ulu əcdadlarımız minillər boyu yaşadıqları həyatı xalça sənətində təsvir ediblər. 200, 300, 500 il əvvəl də toxunulan xalçaların üzərində onların hisslərini, yaşayışlarını, xoş yaxud kədərli günlərini görürük” Bunu Medianews.az-a açıqlamasında Xalq rəssamı, xalçaçı-rəssam Eldar Mikayılzadə deyib.

O daha sonra dünyada analoqu olmayan “Kəhkəşan” xalçasının yaranma prosesindən danışıb:

“Mənim üçün əsas zaman yox, nəticədir. İş var ki, bir ilə başa gəlir, iş də var ki, 10 ilə. Leonardo da Vinçi “Mona Liza” əsərini ömür boyu işləyib. Ömrünün sonuna qədər bu davam edib. Hər işin öz prosesi var. Mən mövzu götürəndə o mövzunun tarixinə qədər gedib öyrənirəm. “Kəhkəşan” mövzusu tamam başqa yerdən başlayıb ora qədər gəlib çıxdı. Təbərinin yazdığı bir əsər var idi ki, Sasani dövləti ərəb ordusuna məğlub olanda orada 2-ci Xosrovun sarayında bir xalça olub. Tarixdə “Gülüstan” da gedir, “Zemistani” də adlandırılır. O qış gələndən-gələnə, təbiət kasıblaşanda, həmin xalçanı öz otağına salıb, baharın gözəlliyini, ab-havasını öz sarayına daşıyırdı. Bu xalça daş-qaşlarla toxunulmuşdu. Ərəblərin də mədəni səviyyəsi o qədər yüksək deyildi ki, bunu sənət baxımından dərk etsinlər. Qoşun başçılarının arasında mübahisə düşməsin deyə həmin xalçanı bölüblər. Hər sərkərdəyə bir parça veriblər. Xalçanın özü qalmasa da, bu haqda məlumat indiyə qədər tarixdə qalıb. Mən də çoxdan arzusunda idim ki, onun texnikasını tapım, bərpa edim və daş-qaşla bir xalça toxunsun. 25 ədəd kiçik-kiçik xalçalar toxuduq. Öyrəndik ki, daş-qaşı necə toxumaq olar ki, orada tərpənməsin. Çünki xalça dəqiqliyi sevir. Nəhayət ki, texnikanı tapdıq. Sonra dedim ki, bu qədər əziyyət çəkirik, bu xalçanı Xosrovun vaxtındakı kimi ornamanetli yox, sujetli edim. Daş-qaş da parıldayanda göydəki ulduzlara bənzəyirdi. Başladım bürclərlə maraqlanmağa. 3500 il bundan əvvəl İranın şair şahı baxıb ulduzlara görüb ki, hərəkətdədirlər, tərpənirlər. Bütün nə alimlər varsa hamısını toplayıb, deyib ki, tapın görün göydə nələr baş verir?! Bürclər haqqında 2700-3000-ə yaxın o vaxtı hekayələr yazılıb. 86 bürc olub. Başladım o kitabı oxumağa. Dedilər ki, Tehrandakı kitabxanada bu haqda məlumat var. Bildirdilər ki, həmin kitabxanada 86 bürcün rəsmləri qalıb. Gedib Tehrandan kitabı tapdım, başladım onları çəkməyə. Məlumatı toplayana, tarixi öyrənənə qədər 5 ilə qədər vaxt çəkdi. Həmin xalça xaricdə, şəxsi kolleksiyada saxlanılır. Amma harada olduğunu deyə bilmərəm. Mənə hərdən sual verirlər ki, “bu qədər əziyyət çəkəndən sonra xalçalarınızı alırlar, ürəyiniz ağrımır?”. Deyirəm ki, xalçaçı rəssam qız atası kimidir. Böyüdür, evdə də qalsa dərddir, gedəndə də. Evdə qalanda da ağlayır, gedəndə də. Gedəndə sevinir ki, yeni ailə yaranır və ailə böyüyür. Biz xalçalarımızın xaricə getməsinə ürəyimiz ağrısa da, Azərbaycan mədəniyyəti böyüyür. Qədimdə bir dövlətin sərhədləri ordusunun gücündən və sayından asılı idi. İndiki dünyada elm, informasiya və mədəniyyət hara qədər gedirsə, sərhədlər də ora qədərdir. Alim Qasımova bu gün dünyanın hər yerində əl çalırlarsa, Azərbaycanın sərhədi Biləcəridəki körpüdə qurtarmır. Mədəniyyət sərhədləri, ölkələri böyüdür”.

Eldar Mikayılzadə bildirib ki, səbət əsərinin qiyməti olmur:

“Hər sənətkarın demək istədiyi bir söz var. O sözü nə dildə deyirsənsə de, əsas fikirdir. Dil dəyişə bilir, amma fikir qalır. Mən rəngkarlıqdan xalçaçılığa keçəndə dili dəyişdim, fikir olduğu kimi qaldı. İşlədiyim hansısa tabloya, xalçaya qiymət verə bilmərəm. Bunu heç kim verə bilməz. Qiyməti zaman verir. O da niyə görə? O zamanda nə qədər vaxt keçib bu xalçanı toxuyub, ortalığa çıxarana qədər! Toxucuların əziyyətinə görə, onların fədakarlığına görə qiymət qoyulur. Yoxsa ki, sənət əsərinə qiymət qoymaq zamandan başqa heç kimin işi deyil”.

Əli Əsgər,

Medianews.az

Bizə qoşulun