Medianews.az
Qumara qoyulan ölkə -
59 baxış

Qumara qoyulan ölkə - 800 min dollarlıq mərci kim udacaq?

İrana qarşı müharibənin quru əməliyyatı fazasına keçəcəyi barədə açıqlamalar artıb. ABŞ anons verib, İran hazırlıq görür, Avropa narazıdır, regionun böyük ölkələri (Türkiyə, Rusiya) etiraz edir, o biri qonşular narahatdır.

Bu xüsusda ekspert rəyləri də çoxalıb. Onlar İranın Əfqanıstan və İraq olmadığından, Tehran yerüstü savaşa daha hazırlıqlı olduğundan, bir neçə milyon əsgər toplamaq potensialından danışırlar.

İranın ərazisinin böyük olmasının, relyefinin yadelli işğalçılara müqavimət göstərmək imkanı baxımından daha əlverişli olduğunu deyənlər var.

Yerli əhalinin hakimiyyətdən narazı olan kəsiminin xarici intervensiya qarşısında qalarkən hökumətin ətrafında birləşmək xüsusiyyətinə vurğu edənlər də az deyil.

Trampın bu niyyətinin həyata keçirmək istərkən özünü Putinin, ölkəsini 4 ildir Ukraynada ilişib qalan Rusiyanın durumuna salacağı iddiaları daha yayğındır.

Gerçəkdən də İran Əfqanıstan və İraq deyil, meydan savaşına, səngər döyüşlərinə daha hazırlıqlıdır. ABŞ və İsrail İran ərazisinə 100 minlik qoşunla soxulsa, İran onun qarşısına 1 milyonluq ordu hissələri çıxara bilər.

Fərq ondadır ki, müasir müharibələr Çingiz xan və Əmir Teymur dövrünün müharibələrindən çox fərqlənir. İndi sıravi döyüşçülərin və süvarilərin say çoxluğu önəmli deyil. Çoxdan çox, azdan az qırılır.

İndi yan təpələrin arxasında süvari qoşunlar gizlədib, mərkəzdən hücuma keçmək, sonra yalandan geri çəkilib, özünü düşmənə təqib etdirmək, daha sonra sağ və sol cinahdakı döyüşçüləri hərəkətə gətirib təqibçiləri mühasirəyə alaraq əzmək taktikası işə yaramır. Peyklər, dronlar kimin harada necə gizləndiyini “görür”, dəqiq koordinat verirlər.

Napoleon dövründə düşməni artilleriyanın qüdrəti ilə məğlub etmək keçərli idisə, hazırda o da effektivsizdir. Məsələ meydan savaşında bitmir. Müqavimət hər yerdə davam edir. Budur, 1 aydan artıqdır ki, İran bombardman edilir, ölkənin minlərlə hərbi-strateji obyekti məhv edilib, amma İranı idarə edənlər “90-cı dalğa”dan, müqavimətin davam edəcəyindən danışırlar.

Düzdür, İranın relyefi fəal hərbi müqavimət göstərmək və gerilla savaşı aparmaq üçün əlverişlidir. Ölkənin dağlıq əraziləri çoxdur, mərkəz hissəsində isə yayda qovurucu istilər olur. Bu, yadellilərin effektiv hərbi əməliyyatlar aparması üçün əlverişsizdir. Ancaq yenə də müasir hərbi texnoloji vasitələr keçmiş müharibələrdə olduğundan fərqli durumlar yaratmaq gücündədir.

Yerli əhalinin molla rejimi ətrafında sıx birləşəcəyi barədə deyilənlər illüziyadır, özünü aldatmaqdır. Əhalinin bir hissəsi, əlbəttə ki, şəhər və kəndlərinin düşmən tapdağı olmasını istəməyəcəklər, ancaq yerüstü müdaxilə zamanı sayı milyonlarla ölçülən etnik azlıqların qərar qəbul edən kəsimi fərqli düşünə bilərlər. Xüsusilə də onlar hücum edən tərəfdən can, mal təhlükəsizliyinə dair təminat alsalar və rejimin mütləq məhv edilməsinə aparan qətiyyəti görsələr, kollaborasionist mövqe tuta, Tehrana qarşı çıxa, ölkəni içindən sarsıda bilərlər.

1-ci dünya müharibəsində bu fənd Türkiyəyə qarşı effektiv şəkildə tətbiq edilib. Antanta qüvvələri ermənilərdən yararlanıb. Ermənilər özlərini maşaya çevirib oda atıblar və məğlubiyyətə uğrayıb, itki veriblər. Bu hərbi avantüranın mübahisəsi hələ də davam edir. 

Yerüstü müharibənin qonşu ölkələr üçün də zərərli olacağı acı gerçəkdir. Qonşulara yönəlmiş qaçqın seli bu halda baş verəcək. İranda hərbi-strateji obyektlərin nöqtəvi bombalanması zamanı yaşadıqları yerlərdən qaçanlar minimal idi, quru əməliyyatı zamanı isə milyonlarla olacaq. Çünki heç kəs öz ailə-uşağının işğalçı ordunun vəhşiləşmiş əsgərlərinin əlində əsir-yesir qalmasına təhəmmül etməyəcək.

İndi bəlkə də İranı idarə edənlər düşünürlər ki, ABŞ və İsrail quru əməliyyata girişməyə risk etməzlər, özləinin böyük itki verəcəyini nəzərə alıb dayanarlar. Prezident Trampın gündə 3 dəfə fikir (“savaşı bitiririk”, “davam edəcəyik”, “fasilə elan edirik” ) dəyişməsi, daha dəqiqi, fərqli və bir-birinə zidd fikirlər izhar etməsi onları arxayınlaşdıra bilər. Ancaq onlar iki şeyi unutmamalıdırlar: 1. İrana qarşı hərbi müdaxilə azı 20 il idi ki, planlaşdırılırdı və indi həyata keçirilir; 2. 40 gün əvvəl İran tərəfi hesab edirdi ki, ABŞ və İsrail İrana qarşı raket müharibəsinə başlamayacaq və Tehran nüvə silahı əldə edə biləcək.

Ox yaydan çıxıb. İran rejiminin müqaviməti davam etdikcə, müharibənin digər fazalarına keçilməsi qaçılmazdır. ABŞ və İsrail İranı yaralayıb buraxmaq fikrində deyillər. Hiss olunur ki, onlar sona qədər gedəcək, SEPAH-la vaxtilə İŞİD-lə davrandıqları kimi davranacaqlar.

İranı faktiki və şəriksiz şəkildə idarə edən SEPAH ölkənin bütövlüyünü qoruyub saxlamaq istəyirsə, dövlətin idarəçiliyini mülki şəxslərə ötürdüyünü, nüvə proqramından imtina etdiyini bəyan etməlidir. Bu, ölkənin yox, idarəçi qüvvənin təslimiyyəti olar. SEPAH generalları ölkəni qumara qoymamalıdırlar.

P.S. Mərc kontorunda ABŞ-nin İrana qarşı yerüstü hərbi əməliyyatlara başlayacağına dair rekord məbləğdə mərc edilməsi, anonim istifadəçiinin ABŞ ordusunun İrana girəcəyinə dair 800 min dollar, bizim pulla 1 milyondan artıq vəsait qoyması barədə xəbər var. Hər kimdirsə. informasiyadan çıxış edir.

Xalid KAZIMLI 

Bizə qoşulun