Medianews.az
Qızılcaya yoluxma artır, daha 9 xəstəlik geri qayıda bilər –
57 baxış

Qızılcaya yoluxma artır, daha 9 xəstəlik geri qayıda bilər – “Vaşinqton Post”

ABŞ-ın “Vaşinqton Post” qəzetində “Qızılcaya yoluxma halları artır, daha 9 xəstəlik geri dönə bilər” başlıqlı məqalə dərc olunub.

Medianews.az-ın məlumatına görə, məqalədə deyilir ki, ABŞ-da qızılcaya yoluxma halları sürətlə artır: “Son həftəlik hesabata görə, ölkədə 900-dən çox yoluxma qeydə alınıb. 2026-cı il girəndən iki ay keçməmiş göstərici artıq 2025-ci ilin ümumi sayının dörddə birini ötüb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, qızılca peyvəndləmə səviyyəsi azalan kimi dərhal üzə çıxan xəstəliklərdəndir və hazırda qızılca hallarının artması ümumi peyvəndləmə səviyyəsinin zəiflədiyinə işarədir.

Qızılca yüksək hərarət, tənəffüs yolları simptomları və səpkilərlə müşayiət olunur, ağır hallarda pnevmoniya və ensefalitə səbəb ola bilər. Peyvənd tətbiq edilənə qədərki dövrdə bu xəstəlik hər il dünyada təxminən 2,6 milyon insanın ölümünə yol açıb. İki doza MMR və ya MMRV peyvəndi (qızılca, parotit, məxmərək və suçiçəyi əleyhinə) adətən ömürlük qoruma yaradır. Kollektiv immunitet üçün əhalinin azı 95 faizinin peyvəndlənməsi vacibdir”.

Məqalədə daha sonra vurğulanır ki, peyvəndləmə səviyyəsi azaldıqca digər xəstəliklər də geri dönə bilər. Artıq bəzi infeksiyalar üzrə narahatlıq doğuran artımın müşahidə olunduğu qeyd edilir.

Göyöskürək (boğmaca)

Göyöskürək xüsusilə körpələr üçün təhlükəlidir. Şiddətli öskürək tutmaları ilə müşayiət olunan bu bakterial infeksiyanın ölüm riski qızılcadan da yüksək qiymətləndirilir. Koronacirus pandemiyası dövründə maska və məsafə tədbirləri səbəbindən azalan yoluxmalar indi yenidən artmağa başlayıb. İlkin məlumatlara görə, 2024-cü ildə göyöskürək hallarının sayı əvvəlki illə müqayisədə təxminən altı dəfə çox olub.

Meningit

Meningokokk mənşəli meningit qızılca qədər geniş yayılmasa da, son illər artım müşahidə edilir. Xəstəlik sürətlə inkişaf edir və saatlar içində ölümə səbəb ola bilər. Ekspertlər yeniyetmələr arasında peyvənd tövsiyələrinin zəifləməsinin gələcəkdə, xüsusilə universitet yataqxanalarında yoluxma riskini artıra biləcəyini deyirlər.

Poliomielit

Poliomielit ABŞ-da 1979-cu ildən aradan qaldırılsa da, virus hələ də bəzi ölkələrdə dövr edir. 2022-ci ildə Nyu-York ştatında peyvənd olunmamış bir şəxsdə ifliclə nəticələnən hal qeydə alınmışdı. Alimlərin hesablamalarına görə, uşaqlar arasında peyvəndləmə 50 faiz azalsa, 2050-ci ilə qədər hər il poliomielitə milyonlarla yoluxma mümkündür.

Rotavirus

Rotavirus əsasən azyaşlı uşaqlarda ağır ishala və susuzlaşmaya səbəb olur. Peyvənd tətbiqindən əvvəl ABŞ-da hər il on minlərlə xəstəxanaya yerləşdirmə və onlarla ölüm qeydə alınırdı. Hazırda peyvənd geniş yayılıb, lakin peyvənd səviyyəsi azalsa, yoluxmaların yenidən artacağı gözlənilir.

RSV (respirator sinsitial virus)

ABŞ-da qida məhsullarının və dərman preparatlarının keyfiyyətinə sanitar nəzarəti həyata keçirən administrasiya (FDA) 2023-2024-cü illərdə RSV-yə qarşı peyvənd və anticisim preparatlarını təsdiqləyib. Virus çox vaxt yüngül keçsə də, vaxtından əvvəl doğulan və ya xroniki xəstəliyi olan uşaqlar üçün təhlükəlidir. Geniş peyvəndləmə hospitalizasiyaların azalmasına səbəb olsa da, tövsiyələrin zəifləməsi riskləri artıra bilər.

Tetanos

Tetanos ətraf mühitdə olan bakteriyalar vasitəsilə yoluxur və kollektiv immunitet anlayışı bu xəstəlik üçün keçərli deyil. Yeganə qorunma yolu peyvənddir. ABŞ-da hər il 40-dan az hal qeydə alınsa da, peyvəndləmə səviyyəsinin azalması riski artıra bilər.

Məxmərək

Məxmərək adətən yüngül keçsə də, hamiləliyin ilk trimestrində yoluxma döl üçün ağır fəsadlara – ürək qüsurları, görmə problemləri və ya düşmə riskinə səbəb ola bilər. ABŞ-da xəstəlik aradan qaldırılmış hesab edilsə də, peyvəndləmə azalarsa yenidən yayıla bilər.

Hepatit B

Hepatit B qaraciyəri zədələyən virus infeksiyasıdır və çox vaxt anadan uşağa keçir. Körpəlikdə yoluxma sonradan xərçəng riskini artırır. Peyvənd tətbiqindən sonra körpələr arasında yoluxma 99 faiz azalıb. Lakin yeni doğulanların hamısına universal tövsiyənin ləğvi narahatlıq yaradır.

Difteriya

Difteriya ABŞ-da nadir hallarda rast gəlinir, lakin bəzi ölkələrdə hələ də yayılıb. Tənəffüs damcıları ilə ötürülən bu bakterial infeksiya peyvəndsiz şəxslər üçün təxminən 30 faiz ölüm riski yaradır. Ekspertlər xəbərdarlıq edirlər ki, peyvəndləmə səviyyəsi əhəmiyyətli dərəcədə azalsa, xəstəlik yenidən gündəmə gələ bilər.

Medianews.az

Bizə qoşulun