Medianews.az
Qızıl-qırmızı hakimlik
89 baxış

Qızıl-qırmızı hakimlik

Belə olacaqsa, futbolun başını buraxaq. Baxıb zövq aldığımız deyil, artıq iyrənirik. İyrənməklə qalmır, onsuz da xalqın uzun illərin gərginliyi ilə tarım çəkilmiş əsəblərinə də pis təsir edir.

İnsan da gözünü dünyaya açandan ta pensiyaya çıxana qədər hər qədəmbaşı haqsızlıq görə-görə yaşayarmı, a kişilər? (Bu söhbətin qadınlara az dəxli var, çünki futbolla o qədər də maraqlanmırlar).

40 il əvvəl Minskdən olan bir arbitr vardı, adıbatmışın adı Vadim, soyadı Juk idi. Yaramaz soyadının haqqını verirdi, həşəratın biriydi, fürsət düşən kimi “Neftçi”ni uduzdururdu. Komandamız onsuz da ağgünlü deyildi, iki qələbə ard-arda qazandığı olmazdı, heç-heçələr üzrə ixtisaslaşmışdı, düz-əməlli oynayanda da Jukun zavalına gəlirdi. Bir oyun ərzində “Neftçi”nin qapısına 3 penalti təyin etmək nə demək idi? Juk bunu etmişdi. (Vikipediyasında isə qızıl-qırmızı saxtakarlıq edib, yazdırıb ki, guya Kiyev “Dinamo”sunun qapısına iki, “Neftçi”nin qapısına isə bir penalti təyin edib). Halbuki hər turda 20 komandanın qarşılaşdığı 10 matçda qapılara toplam 3 penalti təyin edilmir.

Bax, görürsünüzmü, aradan 40 il keçib, yaramazın üzgörənliyi, qeyri-obyektivliyi hələ unudulmayıb. Müsəlman olsaydı, sosial şəbəkə profilinə yazardıq ki, “Neftçi”nin məğlubiyyətə uğratmağını halal eləmirik, vadim juk (ad-soyadını da bilərəkdən balaca hərflə yazardıq). O da ürəyinə salardı, əməllərinə görə peşman olardı, biz də qisasımızı belə alardıq. Amma onlarda halallıq-haramlıq kriteriyaları yoxdur, elə yazsaq, qayıdıb cavab verər ki, cəhənnəmə-gora halal edin.

Yaxşı, bəs o gün “Neftçi”ni qəsdən uduzduran hakimə nə deyək? Bu gün dünyada keçirilən 1000 futbol matçında 100 o cür epizod olsun, rəqib hücumçu açıq-aşkar, 3 metrlik ofsaytda olaraq qapıçının önünü kəssin və bu anda onun qoruduğu qapıya qol vurulsun, yüz oyunun doxsan doqquzunda o qol hesaba alınmayacaq, cəmi birində qol keçərli olacaq, o da artıq olub – “Zirə”nin “Neftçi”yə vurduğu qol sayılıb. Heç bir ölkədə belə şey olmazdı, amma Azərbaycanda olub.

Buna görə o qolu sayan hakim qalıb qıraqda, VAR hakimi Nicat İsmayıllını cəzalandırıblar. Halbuki baş hakim İnqilab Məmmədov özü də epizodun bir addımlığında idi, “Zirə”nin oyunçusunun ofsaytdan çıxmaq üçün “Bolt”dan taksi sifariş edib, gözlədiyini görürdü.

Dünən “Sabah”-“Qarabağ” oyununda da çoxlu mübahisəli epizodlar, obyektivliklə bir araya sığmayan qərarlar oldu. Ən barizi matçın son dəqiqələrində baş verdi. Kamilo Duranın rəqib cərimə meydançasında vurduğu zərbə “Sabah”ın futbolçusu Velko Simiçin əlinə dəydi. Yüz matçın 99-da buna görə penalti verərdilər. Rəvan adlı hakim öz sabahını, işlərinin rəvan olmasını istəyərək “Sabah”ın xeyrinə qərar verdi və penalti təyin etmədi. “Qarabağ”lıar etiraz edincə, hakim Ağdam klubunun daha bir oyunçusuna qırmızı kart verdi (birincini birinci hissədə vermişdi). İndi bu, haqq-ədalət oldu? Komandanın halal penaltisini vermə, üstəlik, onun oyunçusuna haram qırmızı kart göstər.

İki həftə əvvəl Tovuzun “Turan” komandası hakim ədalətsizliyi üzündən ələndi, getdi, yekə bir rayonun futbolsevərləri suya-buza döndülər və milli futboldan diksindilər. Sabah başqa bir komandanın azarkeşləri o günə düşəcəklər.

Sonra da deyirlər ki, azarkeşlərimiz yerli futbolu sevmirlər. Nəyini sevsinlər? Hər oyunda üzgörənlik, haramlıq, ədalətsizlik, iyrənclik. Sevilməli nəyi var?

Bu yolla futbol inkişaf etdirmək olarmı? Əsla olmaz. Bu gün hakim tərəfgirliyi ilə çempion olan və ya kubok qazanan komanda sabah Avropada nə edəcək? Heç nə, orada tərəfkeş hakim olmayacaq, qapısını qolla dolduracaqlar, üzüqara halda qayıdacaq ölkəyə.

Alimpaşa müəllim demişkən, niyə belə edirsiniz, niyə belə olmalıdır? Ədalətli olmaq bu qədərmi çətindir?

Əslində bu ritorik sualdır, ədalətli olmaq, əlbəttə, çətindir. Dünyanın ən çətin işi elə ədalətli olmaqdır. Qardaş Türkiyə də bizim günümüzdədir. Orada futbol təsərrüfatında cığallıq ərşdə-gürşdədir. Hiss edirsən ki, əsassız deyil. Mütləq komandalara cığallıq etmək üçün səbəblər verilir. Budur, "Samsunspor" klubu “Trabzonspor”la oynayacağı oyuna hakim Atilla Karaoğlanın təyin edilməsinə qarşı çıxıb. Çünki Karaoğlan iki tur əvvəl komandanın baş məşqçisinə qırmızı kart göstərib, adam hələ də komandasının oyununa gendən baxır.

Bu cür ədalətsizlikər üzündəndir ki, artıq türkiyəli referiləri beynəlxalq oyunlara çağırmırlar, deyirlər, obyektiv oyun idarə edən olsaydınız, öz ölkənizin futbolunu bay edərdiniz.

Belə getsə, bizim hakimlərin də uzaq getdiyi yer elə Tovuz və ya Quba olacaq.

İndi elə çıxmasın ki, başqa sahələrdə güllük-gülüstanlıqdır, təkcə yarıtmaz hakimlərin üzündən futbol sahəmiz bu gündədir. Elə deyil. Başqa sahələrdə haqq-ədalət, dürüstlük, düzgünlük nə cürdürsə, futbolda da elədir.

Bu isə çox kədərlidir. Bu qədər ömür sür, axırda əsas umacağın bir futbol matçının ədalətli idarə edilməsi olsun, onu görmək də qismət olmasın.

Samir SARI

Bizə qoşulun