Qış mövsümündə gün işığının azalması və ekran istifadəsinin artması uşaqlarda yuxu rejiminin pozulmasına səbəb ola bilər.
Medianews.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu dövrdə təkcə yuxunun müddəti deyil, uşağın hansı saatda yatması da sağlam inkişaf üçün həlledici əhəmiyyət daşıyır.
Araşdırmalara görə, uşaqlarda ən keyfiyyətli yuxu axşam saat 21:00–23:00 aralığında başlayır. Bu vaxtlarda böyümə hormonları daha aktiv ifraz olunur, orqanizm bərpa və inkişaf prosesinə daxil olur. Tövsiyələrə əsasən, məktəbəqədər yaşlı uşaqların 20:00–20:30, məktəb yaşlı uşaqların isə ən gec 21:00–21:30 aralığında yatması məsləhət görülür.
Mütəxəssislər qeyd edirlər ki, axşam saatlarında süni işıqlandırma və telefon, planşet, televizor istifadəsi yuxu hormonu olan melatoninin ifrazını azaldır. Tədqiqatlar göstərir ki, yatmazdan əvvəl zəif işıq belə melatonin səviyyəsini ciddi şəkildə aşağı sala bilər və bu, yuxu keyfiyyətinə mənfi təsir göstərir.
Yuxunun uşaqların yaddaş, diqqət, davranış və immun sistemi üçün vacib olduğu vurğulanır. Yuxu rejiminin pozulması isə diqqət dağınıqlığına, davranış problemlərinə və dərs göstəricilərinin zəifləməsinə səbəb ola bilər.
Sağlam yuxu üçün valideynlərə axşam saatlarında işığı azaltmaq, yatmazdan bir saat əvvəl ekranlardan uzaq durmaq, hər gün eyni saatda yatıb-durmaq və yatmazdan öncə sakitləşdirici rutinlər formalaşdırmaq tövsiyə olunur. Mütəxəssislər bildirirlər ki, qış aylarında uşaqların bir qədər daha tez yatmağa ehtiyac duyması normaldır, əsas məqsəd isə bioloji saatla uyğun və sabit yuxu rejimini qorumaqdır.
Medianews.az