Medianews.az
Qənimət Zahid İSTİNTAQA ÇAĞIRILDI -
4,140 baxış

Qənimət Zahid İSTİNTAQA ÇAĞIRILDI - VİDEO

Baş Prokurorluq 15 ilə yaxındır xaricdə yaşayan jurnalist Qənimət Zahidi istintaqa çağırıb.

Medianews.az xəbər verir ki, Baş Prokurorluğun bununla bağlı xəbərdarlığı İctimai Televiziyanın efirində yayılıb.

Rəsmi xəbərdarlıqda vurğulanıb ki, Q.Zahid "YouTube" kanalında və "Facebook" şəbəkəsində Azərbaycanda dövlət çevrilişinə, hakimiyyətin zorla ələ keçirilməsinə çağırış etməkdə təqsirləndirilir. O, prokurorluqda bu ittiham üzrə açılan cinayət işi üzrə ifadə vermək üçün Bakıya gəlib istintaqa ifadə verməyə dəvət olunur.

Q.Zahidə qarşı iş Cinayət Məcəlləsinin 281-ci maddəsinin birinci və ikinci bəndləri ilə açılıb.

Maddə 281. Dövlət əleyhinə yönələn açıq çağırışlar

281.1. Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma—

beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

281.2. Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə—

beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qanunvericiliyə görə, Q.Zahid çağırışa gəlməsə, onun barəsində qiyabi icraat açıla, qiyabi hökm çxarıla bilər.

Qeyd edək ki, Baş Prokurorluq indiyədək xaricdə yaşayan bir sıra şəxsləri bu qaydada istintaqa dəvət edib. Onların heç biri tələbə əməl etməyib. Həmin şəxslər barəsində qiyabi icraat açılıb və bəziləri barəsində artıq qiyabi hökm də çıxarılıb.

1963-cü ildə Şamaxıda doğulan Q.Zahid Bakı Dövlət Universitetini bitirib. 1990-cı ildən “Azadlıq” qəzetində çalışıb, 1991-1994-cü illərdə redaktor, 2003-cü ildən baş redaktor postunu tutub. “Azadlıq” qəzeti 2016-cı il sentyabrın 5-dən çapını dayandırıb. 

Q.Zahid 2007-2010-cu illərdə həbsdə olub. 2011-ci ildən Fransada yaşayır. Xaricdən yayılan “Turan TV”nin rəhbəri, “Azərbaycan saatı” televiziya proqramının müəllifi və aparıcısıdır.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun