Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilir.
Prezident İlham Əliyevin iştirak etdiyi toplantıya Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, eləcə də 49 enerji şirkəti qatılıb. Tədbirdə nazirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edir.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Medianews.az-a deyib ki, Körfəz ölkələrində hərbi münaqişənin alovlanması, dünyanın iri maye qaz ixracatçılarından olan Qətərin qaz emalı obyektlərinə İranın hava hücumu və gündəlik olaraq Hörmüz boğazından 300 milyon kubmetr qazın daşınmasında yaranan fasilələr artıq Avropa və Uzaq Şərq bazarlarında mavi yanacağın 1000 kubmetrinin qiymətini 600 dollaradək bahalaşdırıb:
“Belə bir şəraitdə Avropa qazın tankerlərlə daşımasının da davamlı enerji təhlükəsizliyinin təminatçısı olmadığını görür. Və boru kəmərləri daşımalarının vacibliyi, məncə, budəfəki Bakı toplantısında daha qabarıq şəkildə diqqət mərkəzində olacaq.
Gözləntim budur ki, Avropa İttifaqı Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsini özünün prioritet layihələri siyahısına daxil edə bilər.
2025-ci ilin yekunlarına görə, Azərbaycan təqribən 38,9 milyard kubmetr əmtəəlik qaz hasil edib və bunun 25,2 milyard kubmetrini xarici bazarlarda kapitala çevirib. Avropa bazarlarında satış həcmlərimiz 2 ildir stabildir - 12,8 milyard kubmetr ətrafında”.