Medianews.az
“Qarabağ”ın şansı 50/50-yədir” –
39 baxış

“Qarabağ”ın şansı 50/50-yədir” – Millimizin sabiq baş məşqçisi

“Qarabağ” Azərbaycan futbolu adına növbəti zəfəri qazanmağı hədəfləyib. Fevralın 18-i Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində komanda İngiltərə nəhənglərindən sayılan “Nyukasl”ı qəbul edəcək.

Saat 21:45-də start götürəcək oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Görüşü norveçli hakimlər idarə edəcək. Referi Espen Eskos olacaq. Ona yan xətt hakimləri qismində Yan Erik Enqan və İsak Elias Başevkin kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Siqurd Krinqstad yerinə yetirəcək. VAR Rob Diyperinkə, AVAR isə Dennis Hiqlerə həvalə olunub.

Bu oyunun ölkə futbolu adına əhəmiyyəti barədə nəsə qeyd etməyə ehtiyac yoxdur. Hər kəs bilir ki, Avropanın diqqəti Bakıda olacaq. Şübhəsiz ki, bu turnirin ən sürpriz, rəğbət qazanan klubu “Qarabağ”dır. Rəqibləri ilə müqayisədə on dəfələrlə az büdcə ilə Avropa klublarının “qorxulu röyası”na çevrilən “Köhlən atlar”...

Bu zəfər davam edəcəkmi?

Şahin Diniyev: Futbolçularımızın ən böyük problemi ölkə xaricində cəmiyyətə tez uyğunlaşa bilməmələridir

Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev şansları yarıbayarı görür. O, Musavat.com-a fikirlərini bölüşüb:

“Əvvəlki çətin oyunlar kimi olacaq. Heç bir halda asan matç gözlənilmir. Həm də ingilis klublarına qarşı “Qarabağ”ın uğursuz seriyaları var. Çempionlar Liqasında hər iki komandanın vəziyyəti eynidir. Bu gün uğursuzluqlar davam edir. Əvvəlki “Nyukasl” deyil. Daxili çempionatda çox ağır durumdadırlar. Baxmayaraq ki, 1/16-da qələbə qazandılar, əvvəlki formada deyillər. Bir sözlə formalarından çox uzaqdadırlar. Həm də daxildə narazılıqlar var. Baş məşqçi sərt şəkildə tənqid olunur. Hər an baş məşqçinin getmə ehtimalı var.

Amma etiraf edək ki, bu gün “Qarabağ” da pik formasında deyil. Son daxili çempionat oyunları göstərir ki, klubda ciddi şəkildə yorğunluq var. Bunu da başa düşmək olar. Çünki “Qarabağ” hazırda üç “cəbhədə” vuruşur, ölkə çempionatı və kubokunda, həmçinin Çempionlar Liqasında. Əsas heyətə isə yaxın olan futbolçuların sayı azdır. Nəticədə vacib oyunlarda xal itirildi. Bu da kluba mənfi təsir edə bilər. Çempionatda ikinci yerə düşməsinin də kluba ciddi təsir etməsi mümkündür, mənəvi baxımdan.

Amma düşünürəm ki, “Qarabağ”ın təcrübəsi var. Avropa Liqası və Çempionlar Liqasında bunu görmüşük. Onun üçün də “Köhlən atlar” bir həftə ərzində “Nyukasl”la iki dəfə başabaş mübarizə apara bilər. “Qarabağ”a uğurlar arzulayıram. Proqnoz vermək çox çətindir. Amma şansların 50-50-yə olduğunu düşünürəm. Əminliklə hansı klubun üstün olduğunu söyləmək mümkün deyil”.

Bizə qoşulun