İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin son açıqlamaları yenə də gündəm yaradıb. O, İsraili bölgədə “macəralı rol” oynamaqda və qarşıdurma üçün zəmin formalaşdırmağa çalışmaqda ittiham edib. Laricani ölkəsinin əməkdaşlıq etməyə hazır olduğu dövlətlərin adını çəkib. Məlum olur ki, cənub qonşumuz Səudiyyə Ərəbistanı, Misir və Türkiyə ilə ittifaq qurmaq niyyətindədir.
Bu açıqlama regionda yeni siyasi və hərbi konfiqurasiyanın formalaşıb-formalaşmayacağı ilə bağlı sualları gündəmə gətirir. İran doğrudanmı İsrailə qarşı daha geniş regional platforma qurmağa çalışır? Tehranla ərəb paytaxtları arasında son dövrdə müşahidə olunan nisbi yaxınlaşma real hərbi-siyasi ittifaqa çevrilə bilərmi? Türkiyənin balans siyasəti belə bir blokda iştirak etməsinə imkan verərmi?

Siyasi təhlilçi Sona Əliyeva bildirib ki, İran Qərb və Çin-Rusiya müttəfiqliyi üçün kilid rolunu oynamaqdadır:
“Hazırda yeni dünya düzəni formalaşır və İrana sahib olan güc Hörmüz boğazını ələ keçirəcək. Bu da dünya iqtisadiyyatının gələcəyini müəyyənləşdirən strateji tendensiyadır. Çin və Rusiya Qərbin İranda möhkəmlənməsini istəmir. İsrail isə ABŞ-nin qaranlıq əli rolunu oynamaqda israrlıdır. Bu baxımdan, növbəti İran-ABŞ (İsrail) savaşı qaçılmazdır. Hətta bu savaş üçüncü dünya müharibəsinə də gətirib çıxara bilər. Çünki Rusiya və Çin həlledici məqamda İranı tək qoymayacaq. Son birgə hərbi təlimlər də buna işarədir. Yəni Pekin və Moskvada anlayırlar ki, İran çökərsə, Çin və Rusiya iqtisadiyyatı iflic duruma düşəcək. Məhz buna görə də İranla ABŞ savaşında Çin və Rusiya molla rejiminə tam dəstək verəcək.
Hətta İranın Ukrayna kimi plasdarma çevriləcəyi də istisna deyil. İran bu çərçivədə Misir, Səudiyyə Ərəbistanı və Türkiyə ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq istəyir. Tehran bu istiqamətdə niyyətini gizlətmir. Amma Səudiyyə Ərəbistanı Tehranın bu çağırışına isti cavab verməyəcək. Çünki səudiyyəlilər amerikalıların istəklərindən kənar addım ata bilməyəcək. Misir də ABŞ təhlükəsini gözə almaq istəmir. Bir sözlə, İranın çağırışına yeganə müsbət cavab Türkiyədən gəlir. Ankara Tehranı bu dəfə də yalnız buraxmayacaq”./Musavat.com