“Qarabağ” futbol klubu bu turnirdə ən vacib və bəlkə də ən çətin oyununa çıxır.
Oyun ona görə çətindir ki, 5 oyuna 0 xalı olan “Ayaks”ın itirəcəyi heç nə yoxdur. Vəziyyət o həddədir ki, Hollandiya nəhənginə qarşı bukmeykerlər “Qarabağ”ı favorit görür.
Adlı-sanlı, tarixi, futbol məktəbi olan klubun məşqçisi də çox ehtiyatlı açıqlamalar verib. “Qarabağ” klubu bu səviyyəyə nə zaman gəldi söhbətini kənara qoyub, başqa bir stresli məqamı deyim: stadiona gedən hamı “Ayaks”ı diri 3 xal kimi görür.
Elə vəziyyəti sual altına alan da budur. Gözlənti olan oyunları “Qarabağ” o qədər də uğurla keçirə bilmir. Amma istənilən halda “Qarabağ” bu günə qədər olan bütün əziyyətini yerdə qoymamaq üçün bu oyunu udmalıdır. Əks halda özünü çox çətin vəziyyətə salacaq və Frankfurt oyunu qat-qat daha çətin olacaq.
Mənim intuisiyam isə deyir ki, “Qarabağ” bu oyunu uduzub, gedib Liverpuldan xal alacaq. Belə bir qəribə klubumuz var. Hə, bir də bu gün oyunçularımızdan bir kobud səhv və bir də qırmızı vərəqə gözləyirəm. Çünki qəribə bir şəkildə bu sezon Avropada bunu etmirik. Vaxtı çatıb sanki.
Hər halda ümid edirəm ki, hisslərimdə yanılacam və bu axşam canlı izləyəcəyim oyunda böyük ölçüdə pley-off biletini alacağıq.
Bundan sonrası isə yeni bir tarix səhifəsi olacaq.
Fərid Pərdəşünas,
bloqçu