Dövlət Statistika Komitəsi Qadınlar Günü ərəfəsində yeni bilgilər yayıb.
Rəsmi hesabata görə, 2026-cı ilin əvvəlinə Azərbaycan əhalisində qadınların xüsusi çəkisi 50,2 faiz göstərilib. Ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxunun, ali təhsil müəssisələrində 60 faizdən çoxunun, orta ixtisas təhsil müəssisələrində 80 faizə qədərinin, həkimlərin üçdə iki hissəsinin, elmi işçilərin 60 faizindən çoxunun qadınlar olduğu xəbər verilir.
Qeyd olunur ki, ümumi təhsil müəssisələrində şagirdlərin 45 faizdən çoxu, orta ixtisas təhsili müəssisələrində tələbələrin 60 faizdən çoxu, ali təhsil müəssisələrində tələbələrin 50 faizdən çoxu qızlardır.
2025-ci ilin ilkin məlumatlarına əsasən, məşğul əhalinin ümumi sayında qadınların xüsusi çəkisi 48,1 faiz təşkil edib, dövlət qulluğunda çalışanlar arasında bu göstərici 30,3 faiz, fərdi sahibkarlar arasında 23,7 faiz olub.
Medianews.az bildirir ki, Azərbaycanda ən yüksək vəzifəli qadın Birinci vitse-prezident Mehriban Əliyevadır.
Hazırda 124 üzvü olan parlamentin 26 deputatı qadındır, onların biri – Sahibə Qafarova sədr postunu tutur.
Nazirlər Kabineti üzvləri arasında bir qadın var: Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova.
Prezident Administrasiyasında iki yüksək post qadınlara tapşırılıb: Cəmilə Abbasova dövlət başçısının köməkçisi, Fərəh Əliyeva humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiridir.
Konstitusiya Məhkəməsinin doqquz hakimindən biri qadındır: Humay Əfəndiyeva.
Dövlət İmtahan Mərkəzinə qadın (Məleykə Abbaszadə) rəhbərlik edir.
Ombudsman postunda da qadın çalışır: Səbinə Əliyeva.
Martın 8-i tarixə qadınların hüquq bərabərliyi uğrunda mübarizədə beynəlxalq həmrəyliyi günü kimi düşüb. Sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş beynəlxalq konfransında həmin günün bayram edilməsi haqqında qərar çıxarılıb.
1965-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasında martın 8-i iş günü hesab olunmayan bayram günü elan edilib. Azərbaycan 1991-ci ildə müstəqillik əldə edəndən sonra martın 8-i bayram statusunu saxlayıb, Qadınlar Günü kimi qeyd olunur.