Ukraynanın işğal olunmuş torpaqlarında, Krımın cənub sahilində Rusiya prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilən daha bir saray kompleksinin yerləşdiyi üzə çıxarılıb.
Musavat.com xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Fondu məlumat yayıb.
Məlumata görə, obyekt işğal olunmuş Krım ərazisində, keçmiş “Mıs Aya” pansionatının yerində inşa edilib.
Araşdırmada bildirilir ki, 2014-cü ildə Krımın işğalından sonra Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçə məxsus əmlak dövlət mülkiyyətinə keçirilib, lakin sonradan faktiki olaraq Putinin istifadəsinə verilib. Həmin ərazidə genişmiqyaslı saray kompleksi tikilib: sahəsi 9 min kvadratmetrdən artıq olan əsas bina, təxminən 5 min kvadratmetrlik qonaq korpusu, personal üçün ayrıca tikililər, texniki obyektlər və helikopter meydançası. Kompleksin aşağı hissəsində şəxsi bulvar, körpü və ağ qumlu süni çimərlik yaradılıb.
Rəsmi sənədlərə əsasən, obyekt bir neçə şirkət vasitəsilə rəsmiləşdirilib. Formal mülkiyyətçi kimi “Bereg” MMC göstərilir; bu şirkət isə sahibləri gizli saxlanılan “Golden Gate” şirkəti ilə əlaqələndirilir. Etibarnamələrdə daha əvvəl Gelencikdəki məşhur “Putin sarayı” işi ilə bağlı adı hallanan hüquqşünaslar - Belkin, Ulyanov və Şaxovun adları yer alır. Daxili dizayn üzrə texniki tapşırıqlarda Federal Mühafizə Xidmətinin (FSO) tələblərinin açıq şəkildə qeyd olunması FBK-nın fikrincə, obyektin “şəxsi bağ evi” olması ehtimalını istisna edir, çünki FSO yalnız prezidentin mühafizəsini həyata keçirir.
Sarayın əsas podratçısı kimi “Kredo” idarəetmə şirkəti çıxış edib. Bu şirkət daha əvvəl Putinin həm rəsmi, həm də qeyri-rəsmi iqamətgahlarının - Gelencikdə, Valdayda və Krasnaya Polyanada - tikintisi və istismarı ilə məşğul olub.
FBK-nın qiymətləndirməsinə görə, sarayın inşası təxminən 10 milyard rubla başa gəlib. Maliyyələşmə mənbələrinin Putinin digər layihələrində istifadə olunan sxemlə eyni olduğu bildirilir: eyni oliqarxlar, eyni şirkətlər və korrupsiya gəlirləri hesabına maliyyələşdirilən dəbdəbəli iqamətgahlar.
Araşdırmada sarayın interyerlərinə aid fotoşəkillər və mərtəbə planları da təqdim olunub. Müəlliflər qeyd edirlər ki, təkcə hamam otaqları üçün nəzərdə tutulmuş dekorativ armaturaya - gül və əjdaha fiqurları formasında - on milyonlarla rubl xərclənib.



