Ukrayna müharibəsində ən qanlı, ən təhlükəli məqam yaranıb və bundan sonra müharibədən çıxmaq üçün ya Zelenski, ya da Putin hakimiyyətdən getməlidir.
Rusiya iddia edir ki, Putini aradan götürmək üçün onun iqamətgahına Ukrayna dron hücumu təşkil edib – özü də bu hücum danışıqların ən intensiv dövrünə təsadüf edib.
Zelenski isə deyir ki, Rusiya yalan danışır, belə bir hücum olmayıb, bu, Rusiyanın danışıqları pozmaq cəhdidir.
Bu situasiyada ya Putin, ya da Zelenski yalan danışır – bunu anlamaq üçün emosional yanaşmanı kənara qoymaq, soyuq başla düşünmək lazımdır. Emosional yanaşma budur ki, işğalçı Rusiya, diktator Putin həmişə yalan danışır.
Amma bu məsələdə bir ciddi məqam var – hər iki tərəf bu iddiaları ABŞ-a, Trampa deyir, yəni ya Zelenski, ya da Putin yalan danışmaqla yanaşı, Trampı da aldatmağa çalışırlar. Adi məntiqi ardıcıllıq bunu deməyə əsas yaradır, elə deyilmi?!
Deməli, məhz ABŞ çıxıb deməlidir ki, yalançı kimdir, çünki indiki dünyada məhz ABŞ-ın ən çox peyki orbitdədir, “Starlink” və “Starshield” hərbi-nəzarət peykləri ilə bir yerdə ABŞ-ın indi orbitdə 5000 peyki var. Bu kosmik peyk “ordusu” dünyanın hər nöqtəsinə baxır, Ukrayna müharibəsinə, Rusiyanın aqressiyasına görə peyk “ordusunun” 60%-dən çoxu məhz münaqişə bölgəsini izləyir. Həmin peyklər nəinki göydə uçan cisimləri, hətta yerdə gedən avtomobilin nömrəsini belə görə bilir.
Görəsən, ABŞ-ın 5000 peyki, 18 xüsusi xidmət orqanı kimin yalan danışdığını bilir, ya bilmir?! Məncə, bilirlər və bunu yaxın zamanda görəcəyik. Amma müharibənin bitməsi üçün kim yalan danışıbsa, onun getməsi (heç olmasa vəzifədən) lazım olacaq.
Nə olur-olsun, bircə dünyanı faciəyə sürükləyən hadisələr, nüvə münaqişəsi olmasın, işğalçı cəzasını alsın, Ukrayna xalqı isə haqq etdiyi sülhə nail olsun!
Natiq Cəfərli