“2026-cı ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağı ilə bağlı gözləntilər kifayət qədər yüksəkdir”. Politoloq Oqtay Qasımov Medianews.az-a açıqlamasında belə deyib.

Amma O.Qasımov onu da qeyd edib ki, proses heç də hamar getmir: “Bu məsələnin öz məntiqi sonluğuna çatmasında maraqlı olmayan qüvvələr də var. Onlar hansısa formada prosesi sabotaj etməyə çalışırlar. Xüsusilə də Ermənistanda fəaliyyət göstərən və xarici güclərin təsiri altında olan revanşistlər, kilsə və digər qüvvələr Azərbaycanla münasibətlərin normalaşmasının əleyhinə çıxış etməkdədirlər".
2026-cı ildə Ermənistanda parlament seçkilərinin keçiriləcəyini yada salan politoloq bildirib ki, seçkidən sonra bu ölkə referenduma getməli, konstitusiyasını dəyişməlidir: “Bu, sülh müqaviləsinin imzalanması üçün dəyişməz şərtdir”.

Medianews.az xatırladır ki, 1989-cu il dekabrın 1-də Ermənistan parlamentinin və “Dağlıq Qarabağ milli şurası” adlı qondarma qurumun birgə iclasında Qarabağın dağlıq hissəsinin Ermənistana birləşdirilməsi qərarı çıxarılıb.
1990-cı il avqustun 23-də Ermənistan parlamenti müstəqillik bəyannaməsi qəbul edib. Bəyannamədə 1 dekabr 1989-cu il qərarına da istinad olunub, yəni dolayısı ilə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi tanınıb.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, sentyabrın 21-də isə Ermənistanda müstəqillik referendumu keçirilib, ardınca hərbi təcavüz sürətlənib, 1994-cü ilin mayına qədər Azərbaycanın altıda biri işğal olunub. Mayın 12-də atəşkəs sazişi imzalanıb.
5 iyul 1995-ci ilin referendumunda Ermənistan Konstitusiyası qəbul olunub. 27 noyabr 2005-ci il və 6 dekabr 2015-ci ilin referendumlarında yenilənən konstitusiyanın preambulasında 23 avqust 1990-cı il bəyannaməsinə istinad var. Azərbaycan bunu əsas götürərək Ermənistan Konstitusiyasının yenilənməsi tələbini qoyub.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən Dağlıq Qarabağ rejiminə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2025-ci il martın 13-də Azərbaycanla Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsini razılaşdırıb.
Həmin il avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Birgə Bəyannamə imzalayaraq sərhədlərin toxunulmazlığı, ərazi əldə olunması üçün güc tətbiqinin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar.

Ancaq O.Qasımov Medianews.az-a açıqlamasında vurğulayıb ki, Ermənistan Konstitusiyasının giriş (preambula) hissəsinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması sazişin imzalanmasını mümkünsüz edir: “Əgər Ermənistanda konstitusiya dəyişikliyi 2026-cı ildə reallaşacaqsa, deməli, həmin il sülh müqaviləsinin imzalanması üçün daha əngəl qalmayacaq. Yox, referendum keçirilməyəcəksə və yaxud referendumda konstitusiyaya düzəliş layihəsi lazımi qədər səs toplamayacaqsa, yəni referendumun yekununda ortaya əks nəticələr çıxacaqsa, bu, bölgədə sülh quruculuğu prosesinə ciddi şəkildə mənfi təsir edəcək”.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin (Zəngəzur dəhlizi) yaradılması da razılaşdırılıb. Bu layihə ABŞ-ın patronajlığı ilə gerçəkləşəsidir.
Zəngəzur dəhlizinin gələn ilin ikinci yarısında açılması üçün Ermənistan tərəfdə işlərin başlanması, Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini götürməsi, bundan əlavə ölkəmizin Ermənistana benzin göndərməsi, iki ölkə arasında ticarətə start verilməsi kimi faktorlara toxunan O.Qasımov bütün bunların etimad mühiti formalaşdırmaqda olduğunu söyləyib: “Hər halda bütün bunlar sülh prosesinə aparan məsələlərdir. Sazişin imzalanması baxımından ən əsas məsələ isə Ermənistanda gözlənilən konstitusiya dəyişikliyi ilə bağlıdır”.
Nailə Qasımova,
Medianews.az