Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda yaşayan yük maşını sürücüsü Seyfi Kütük həbsxanada tanış olduğu şəxs tərəfindən aldadıldığını iddia edərək prokurorluğa şikayət edib.
Medianews.az xəbər verir ki, o, ümumilikdə təxminən 3 milyon TL pulunun mənimsənildiyini bildirib.
Seyfi Kütükün sözlərinə görə, o, Afyon Bolvadin Açıq Həbsxanasında cəza çəkərkən V.K. adlı şəxslə tanış olub. Özünü varlı iş adamı kimi təqdim edən V.K. ona verdiyi pulu qısa müddətdə ikiqat artıracağını vəd edib. Həbsdən azad olduqdan sonra Kütük yük maşınını satıb, həmçinin dostunun adına kredit götürərək pul toplayıb.
Kütük bildirib ki, o, V.K.-nın yönləndirdiyi şəxsə İzmitdə bir kafedə həyat yoldaşı və oğlu ilə birlikdə məktəb çantasında 61.450 dollar və 300.000 TL pul verib. Onun sözlərinə görə, pul 15–20 gün ərzində ikiqat qaytarılmalı idi, lakin sonradan həmin şəxslə əlaqə kəsilib.
Zərərçəkən şəxs prokurorluğa müraciət edərək əskinasların seriya nömrələrini və pulun təhvil verildiyi zaman çəkilmiş fotoşəkilləri sübut kimi təqdim edib.
Seyfi Kütük bildirib ki, aldadıldıqdan sonra ciddi psixoloji sarsıntı keçirib: “Məni inandırmaq üçün hər gün zəng edirdi. Pulu verdikdən sonra isə əlaqə kəsildi. İndi ailəmlə birlikdə çətin vəziyyətdəyəm, psixologiyam alt-üst olub”, – deyə o bildirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Medianews.az