Türkiyənin Sakarya vilayətində dövlət prokuroru ilə mikroavtobus sürücüsü arasında baş verən yol mübahisəsi hüquqi araşdırmaya səbəb olub.
Medianews.az xəbər verir ki, hadisə Adapazarı rayonunun Karaman məhəlləsində qeydə alınıb.
Məlumata görə, mikroavtobus sürücüsü S.K. ilə avtomobil idarə edən B.Y.Ç. arasında yol hərəkəti zamanı mübahisə yaranıb. Sonradan gərginləşən insident mikroavtobusun videokamerası tərəfindən qeydə alınıb.
Araşdırma zamanı avtomobil sürücüsünün Sakarya Ədliyyəsində çalışan dövlət prokuroru olduğu müəyyən edilib.
Sakarya Respublika Baş Prokurorluğu hadisə ilə bağlı dərhal istintaqa başlayıb. Rəsmi açıqlamada bildirilib ki, tərəflərin ifadələri alınıb, kamera görüntüləri və digər sübutlar araşdırılıb.
İstintaq çərçivəsində dövlət prokuroru B.Y.Ç. barəsində “nəqliyyat vasitələrinin hərəkətinə mane olma”, “sadə xəsarət yetirmə” və “təhqir” ittihamları üzrə hüquqi prosedurlar başladılıb.
Bununla yanaşı, Yol Hərəkəti Qanununun müvafiq maddələri əsasında prokurorun digər nəqliyyat vasitəsini qəsdən təqib etməsi və yol hərəkətinə mane olması iddiaları ilə bağlı inzibati araşdırma da aparılır.
Mikroavtobus sürücüsü barədə də araşdırmanın başladığı bildirilib.
Sakarya Baş Prokurorluğu istintaqın qərəzsiz və qanunvericiliyin tələblərinə uyğun şəkildə davam etdirildiyini açıqlayıb.
Medianews.az