Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Süleyman Surxay oğlu Mikayılov Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Medianews.az Ölkə.az-a istinadla onun barədə tərcümeyi-halı təqdim edir:
Süleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994–1995-ci illərdə "Səma" kiçik müəssisəsinin direktoru işləyib.
1995–1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.
1999–2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.
2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ailəlidir, iki övladı var.