Medianews.az
AQTA istehlaka yararsız məhsullara necə nəzarət edir? –
37 baxış

AQTA istehlaka yararsız məhsullara necə nəzarət edir? – Rəsmi açıqlama

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qida məhsullarının aşkarlanması və dövriyyədən çıxarılması ilə bağlı görülən tədbirlərə aydınlıq gətirib.

Agentlik BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, aparılan nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxta, açıq-aşkar korlanma, dağılma və çürümə əlamətləri olan, həmçinin təhlükəsizlik göstəriciləri üzrə uyğunsuzluq müəyyən edilən və yararlılıq müddəti bitmiş məhsullar aşkar edildikdə onların satışı dərhal qadağan olunur və dövriyyədən çıxarılır.

Məlumata görə, qanunvericiliyin tələblərinə uyğun olaraq həmin məhsullar geri çağırılır, yığışdırılır və utilizasiya edilir. Bu proses Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 17 iyun tarixli, 198 nömrəli Qərarı ilə təsdiqlənmiş qaydalara əsasən həyata keçirilir.

AQTA bildirir ki, istehlak üçün təhlükəli hesab edilən qida və yem məhsulları Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus xüsusi poliqonlarda, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə müvafiq qaydada məhv edilir.

Agentlik vurğulayıb ki, bu cür nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və bazara təhlükəli məhsulların çıxarılmasının qarşısının alınmasıdır.

Bizə qoşulun