“Kapital Bank” ASC-də yeni təyinat olub.
Medianews.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Kapital Bank ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə Cavid Mirzəyev təyin edilib. O, eyni zamanda “Bir” ekosistemində Fintex Biznesi üzrə rəhbər vəzifəsini də icra edəcək.
Cavid Mirzəyev 2000–2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2006–2009-cu illərdə isə “İqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. 2018–2020-ci illərdə London Business School-da Executive MBA proqramını bitirib.
Karyerasına Azərbaycan Mərkəzi Bankında iqtisadçı kimi başlayan C.Mirzəyev Bank Nəzarəti departamentində Xarici nəzarət şöbəsinin müdiri vəzifəsinədək yüksəlib. 2014-cü ildən etibarən “Kapital Bank” ASC-də fəaliyyətini davam etdirib, Risklərin idarə edilməsi departamentinin direktoru və Baş Risk İnzibatçısı vəzifələrində çalışıb. 2019-cu ildən bankın İdarə Heyətinin üzvüdür, 2025-ci ildə isə İdarə Heyətinin üzvü və Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsinə təyin edilib./ kredit.az