Məhsulların düzgün saxlanmaması onların tez xarab olmasına, kif və bakteriyaların yaranmasına səbəb ola bilər.
Bu barədə Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru, biologiya elmləri doktoru Natalya Şeyina vacib tövsiyələr verib.
Mütəxəssisin sözlərinə görə, ən çox rast gəlinən səhvlərdən biri tərəvəz və meyvələrin soyuducuya qoyulmazdan əvvəl yuyulmasıdır. Artıq nəmlik çürümə prosesini sürətləndirir və mikroorqanizmlərin çoxalması üçün əlverişli mühit yaradır. Meyvə və tərəvəzləri yalnız istifadə etməzdən dərhal əvvəl yumaq tövsiyə olunur. İstisna üzüm sayılır — onu yuyub yaxşıca qurudaraq kağız paketdə saxlamaq daha məqsədəuyğundur.
Digər vacib məqam məhsulların düzgün “qonşuluğu”dur. Tərəvəz və meyvələri birlikdə saxlamaq məsləhət görülmür, çünki bir çoxu yetişməni sürətləndirən etilen qazı ifraz edir. Bundan əlavə, bəzi məhsullar soyuğa uyğun deyil. Banan, kivi, pomidor, qovun və balqabaq otaq temperaturunda dadını daha yaxşı saxlayır. Kartof və kök isə quru, sərin və qaranlıq mühitdə saxlanmalıdır.
Kökümeyvələr üçün də xüsusi qaydalar var. Çuğundur, turp və kökün yarpaqlı hissəsi kəsilməlidir, yalnız kiçik saplaq saxlanmalıdır. Əks halda, tərəvəzlər tez susuzlaşaraq solur. Göyərti isə suyu tez itirdiyi üçün polietilen paketdə, lakin uzun müddət olmamaq şərti ilə soyuducuda saxlanmalıdır.
Çörəyin saxlanmasına gəldikdə, onun əsas “düşmənləri” polietilen paketlər və otaq temperaturudur. Bu şərait kifin yaranmasını sürətləndirir. Çörəyin soyuducuda saxlanması onun ömrünü uzada bilər. Əgər çörəyin üzərində kiçik kif sahəsi yaranıbsa, həmin hissəni kəsib yalnız istilik emalından sonra istifadə etmək mümkündür. Lakin kif geniş yayılıbsa, çörək qətiyyən yeyilməməlidir.
Qurudulmuş meyvələr hava alan şəraitdə saxlanmalıdır. Hermetik paketlərdə saxlandıqda kiflənir və faydalı xüsusiyyətlərini itirir. Giləmeyvələr isə sıxlığa dözmür — onları həm saxlayarkən, həm də dondurarkən bir qat halında yerləşdirmək daha məqsədəuyğundur.
Mütəxəssis qeyd edir ki, meyvə və tərəvəzdə kiçik zədələnmə varsa, həmin hissəni kəsmək olar. Lakin məhsulun böyük hissəsi zədələnibsə, onu çiy halda yemək tövsiyə edilmir və yalnız yaxşı bişirildikdən sonra istifadə oluna bilər.