Medianews.az
Prezidentin çıxışı göstərir ki, biz artıq bu layihənin reallaşması ərəfəsindəyik
1,278 baxış

Prezidentin çıxışı göstərir ki, biz artıq bu layihənin reallaşması ərəfəsindəyik

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında diqqət cəlb edən məqamlardan biri də Transxəzər layihəsi ilə bağlıdır.

Prezident çıxışında “Rəqəmsal İpək Yolu” layihəsinə xüsusi önəm verildiyini, onun tərkib hissəsi olan Transxəzər rabitə xəttinin, Xəzərin dibi ilə çəkiləcək fiber-optik kabel şəbəkəsinin Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsində mühüm rol oynayacağını vurğulayıb.

Xatırladım ki, Aztelecom tərəfindən icra olunan bu layihə Xəzərin dibi ilə Qazaxıstan və Türkmənistanı birləşdirəcək Transxəzər rabitə xəttinin çəkilməsini nəzərdə tutur.

Artıq layihəyə start verilib, podratçılar müəyyənləşib, texniki nəzarətçi və məsləhətçi şirkətlər müəyyən olunub, müqavilələr imzalanıb, marşrutun keçəcəyi sualtı ərazilərin tədqiqatına başlanıb...

Son 30 ildə Xəzərin dibi ilə bu tip layihələrin reallaşmasına müxtəlif ölkələr tərəfindən ciddi müqavimətlər olub.

Əgər Prezident səviyyəsində BMT tribunasından bu layihə ilə bağlı önəmli fikirlər səslənirsə, düşünmək olar ki, biz artıq Transxəzərin reallaşması ərəfəsindəyik.

Azərbaycanın rəqəmsal mərkəzə və tranzit mərkəzinə çevrilməsi, qlobal şirkətlərin Azərbaycana maraq göstərməsi və resurslarını Azərbaycana daşıması, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya infrastrukturunun əsas hissəsinə çevrilməsi baxımından Transxəzər layihəsi strateji əhəmiyyət kəsb edir.

Transxəzər rabitə xətti yalnız rabitə yolu deyil, həm də rəqəmsal iqtisadiyyatın və innovasiyaların inkişafı üçün böyük fürsətdir. Rəqəmsal infrastrukturun inkişafı və qlobal texnoloji şirkətlərin cəlb edilməsi Azərbaycanın bölgədəki rəqabət qabiliyyətini xeyli gücləndirəcək.

Osman Gündüz,
Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru

Bizə qoşulun