Prezident İlham Əliyevin Ramiz Mehdiyevi dörd vəzifədən azad edən sərəncamının mətni rəsmən açıqlanıb.
Medianews.az xəbər verir ki, söhbət dövlət başçısının bu il noyabrın 12-də imzaladığı 797 nömrəli sərəncamdan gedir.
Həmin sərəncamla Ramiz Mehdiyev Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsini təmin etmək üçün yaradılmış Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Heraldika Şurasının sədri, Dövlət Dil Komissiyasının sədr müavini və Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin üzvü vəzifələrindən azad edilib.
Prezident İlham Əliyevin noyabrın 12-də sərəncam imzalayaraq Ramiz Mehdiyevi bu vəzifələrdən azad etdiyi haqda xəbər mediada yayılsa da, sənədin mətni xəbər yayılan günlərdə hələ dərc olunmamışdı.
Medianews.az bildirir ki, artıq sözügedən sərəncam normativ-hüquqi aktları cəmləşdirən elektron bazada (e-qanun.az) yerləşdirilib.

Xatırladaq ki, Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasına (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbərlik edib. 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.
2025-ci il oktyabrın 14-də Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatı ilə Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyevin 4 ay müddətinə ev dustaqlığına alınması barədə qərar çıxarıb. Ramiz Mehdiyev Cinayət Məcəlləsinin üç maddəsi ilə təqsirləndirilir: 278.1, 274 və 193-1.3.2-ci maddələr.
278.1-ci maddə Azərbaycan Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər haqqındadır. Bu əməllər 12 ildən 20 ilədək müddətə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
274-cü maddə dövlətə xəyanət haqqındadır. Dövlətə xəyanət, yəni Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə - 12 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
193-1-ci maddə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma haqqındadır. Bu maddənin 3.2-ci bəndinə, yəni 193-1.3.2-ci maddəyə əsasən, eyni əməli xeyli miqdarda (“xeyli miqdar” dedikdə 50 min manatdan artıq olan məbləğ başa düşülür) törədən şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.