“Mən bir çox rejissorlarla işləmişəm. Təbii ki, işləmək istədiyim rejissorlar da var. Adlarını çəkmək istəmirəm. Sadəcə olaraq Rövşən İsaxı bir insan, bir sənətkar və bir rejissor kimi daha çox sevirəm. Onun işi hər zaman mənə uğur gətirib. Mən “Pərvanələrin rəqsi” serialına çəkiləndə artıq xalq artisti idim, məni Gəncə və Gəncəbasar zonası tanıyırdı. Bakıdakı sənət insanları bilirdilər ki, Gəncədə belə bir aktrisa var. Amma məni böyük tamaşaçı kütləsinə sevdirən və tanıdan Rövşən İsax olub. Bəlkə də buna görə o insanı bu qədər sevirəm”. Bunu Medianews.az-a açıqlamasında Gəncə Dövlət Dram Teatrının aparıcı aktrisası, Xalq artisti Pərvanə Qurbanova deyib.

Sənətkar bildirib ki, özü haqda heç vaxt tamaşaçılarda mənfi rəy formalaşmayıb. Səbəb də aktrisanın hər zaman müsbət rollarda çıxış etməsi olub:
“Oynadığım personajlar heç vaxt mənfi obraz olmayıb. Çox şükürlər olsun ki, hələ tamaşaçılarımdan özümə qarşı neqativ münasibət hiss etməmişəm. Çöldə görəndə də, tamaşaya gələndə də, seriallardan sonra üzləşəndə də, sosial şəbəkələrdə də hər zaman haqqımda xoş sözlər eşitmişəm. Buna görə çox şükürlər edirəm ki, məni sevən tamaşaçılarım var. Əgər hansısa rejissor məni mənfi obrazda görərsə, məni inandırarsa, niyə də oynamayım?! Böyük məmnuniyyətlə oynayaram. Dəyişmək də lazımdır. Bu həyat tək yaxşı insanlardan ibarət deyil ki. Mənfi insanlar və nüanslar daha çoxdur. Amma gərək birinci özüm inanım, sonra oynayım”.

Aktrisa bildirib ki, Gəncədə teatra yaxın ərazidə yaşayır və işə də piyada gəlib-gedir:
“Mən heç vaxt ictimai nəqliyyatdan istifadə etməmişəm. Piyada gəzməyi sevirəm. Evimlə teatrın arası çox yaxındır. “Xan Bağı”dan keçib gedirəm işə. Avtomobilim var, sürmək istədim amma bacarmadım. Bəlkə də bu mənim əsəblərim və hövsələsizliyimlə bağlıdır. Sürməyi bacarıram, amma baxdım ki, mənlik deyil”.
Sənətkar ən böyük arzusundan da danışıb: “Arzum yaşla bağlıdır. Ən böyük arzum odur ki, bütün dünyanı gəzim. Gəzmək istəyirəm. Fərqli-fərqli ölkələri, xalqları tanımaq istəyirəm. İnşallah ki, Allah nəsib edər”.
Əli Əsgər,
Medianews.az