"Əmək pensiyalarının paytaxtda, iri şəhərlərdə, eləcə də rayonlarda eyni vaxtda və ya daha yaxın gün intervalında ödənilməsi ilə bağlı təkliflərimizi təqdim etmişik".
Medianews.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, təkliflərin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda pensiyaların eyni vaxtda və ya ən geci 2 gün fərq olmaqla ödənilməsi həyata keçirilsin:
"Ölkəmizdə praktik olaraq sistem elektronlaşıb. Elektron sistemin tətbiq olunması nəticə etibarı ilə pensiyaların daha qısa zamanda ödənilməsinə imkan yaradır. Bu baxımdan pensiya ödənişlərinin eyni vaxtda və ya yaxın günlərdə həyata keçirilməsi real görsənir. Pensiyaların ödənilməsi sisteminə baxılmasını, paytaxt və rayonlarla ödəmə vaxtı arasında fərqin minimumlaşdırılmasını məqsədəuyğun hesab edirik. Nəzərə alsaq ki, bəzi vətəndaşlarımızın kredit öhdəlikləri var. Həmin öhdəliklərin ödənilməsi bəzi hallarda ayın birinci yarısına təsadüf edir. Kommunal və digər öhdəlikləri nəzərə alsaq, bu ödənişlərin paytaxt və iri şəhərlərdə olduğu kimi digər rayonlarda da daha tez ödənilməsi və ödənən günlər arasındakı fərqin minimum olması daha məqsədəuyğun olardı".
Digər ölkələrdə pensiyaların ödənilməsinin necə olmasına gəlincə, deputat qeyd edib ki, əksər ölkələrdə pensiyaların şəhər və rayonlar üzrə ödənilməsində zaman baxımından ciddi fərqlər olmur.
Qeyd edək ki, pensiyalar ayın əvvəli Bakı, Naxçıvan, Sumqayıt, Abşeronda, ayın sonunda isə digər şəhər və rayonlarda ödənilir.