Medianews.az
Patruşev günahı Şoyqunun boynuna qoydu
159 baxış

Patruşev günahı Şoyqunun boynuna qoydu

Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev 2002-ci ildə Moskvanın Dubrovka Teatr Mərkəzində baş vermiş terror aktı zamanı girovların ölümünə görə xilasediciləri günahlandırıb.

Medianews.az bildirir ki, 2002-ci ilin oktyabrında çeçen əsilli Movsar Barayevin başçılıq etdiyi silahlı qrup “Nord-Ost” müziklinin nümayiş olunduğu vaxt Dubrovka Teatr Mərkəzinə basqın edib, 900-dən çox adamı girov götürüb. Üç gün sonra Federal Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları teatrın binasına giriblər. Əməliyyat zamanı yuxugətirici qazdan istifadə olunub. Binadakı bütün terrorçular öldürülüb. Bundan başqa 130 girov da həlak olub. Girovların əksəriyyətinin qazın təsirindən öldüyü bildirilir.

Dubrovka faciəsi, yaxud "Nord-Ost" faciəsi adını almış bu hadisə baş verəndə Nikolay Patruşev Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) rəhbəri, Sergey Şoyqu isə fövqəladə hallar naziri idi.

Medianews.az-ın məlumatına görə, 2026-cı il iyunun 15-də “Rossiyskaya qazeta”ya müsahibəsində Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev deyib ki, Dubrovka hadisəsi zamanı FTX əməkdaşları əməliyyatı peşəkar şəkildə yerinə yetiriblər, problem isə sonrakı mərhələdə yaranıb.

Patruşevin sözlərinə görə, terrorçular zərərsizləşdiriləndən sonra girovlara təcili tibbi yardım göstərilməli idi. Lakin o qeyd edib ki, tamaşa zalına daxil olan xilasedicilər, yəni Fövqəladə Hallar Nazirliyinin əməkdaşları vəziyyəti düzgün idarə edə bilməyiblər: “Girovların hamısına antidot vurulmadı. Bəzilərinə isə bu preparat ikiqat dozada tətbiq edildi. İtkilərə səbəb də bu oldu”.

Patruşevin fikrincə, girovlar arasında ölüm halı olmaya bilərdi, çünki əməliyyat uğurla keçirilmişdi, terrorçular partlayıcı qurğuların heç birini işə sala bilməmişdilər.

Sergey Şoyqu fövqəladə hallar naziri postunu 2012-ci ilin mayında tərk edib. Həmin ilin noyabrınadək Moskva vilayətinin qubernatoru, 2012-ci ilin noyabrından 2024-cü ilin may ayınadək isə müdafiə naziri postlarını tutub. 2024-cü il mayın 12-dən o, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibidir.

Müdafiə naziri postundan uzaqlaşdırılandan sonra Şoyqunun vaxtında nazir müavini təyin olunmuş bir neçə general barəsində cinayət işləri açılıb.

2011-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi "Nord-Ost" faciəsi zamanı girovların yaşamaq hüququnun pozulduğuna qərar verib. Məhkəmə müəyyən edib ki, əməliyyatda istifadə olunan qaz barədə həkimlər əvvəlcədən xəbərdar edilməyiblər. Buna görə də zərərçəkənlərə vaxtında və peşəkar tibbi yardım göstərmək mümkün olmayıb. Məhkəmə Rusiyanı 64 ərizəçiyə ümumilikdə 1,2 milyon avrodan çox təzminat ödəməyə və hadisə ilə bağlı yeni araşdırma aparmağa məcbur edib. Təzminat ödənsə də, araşdırma aparılmayıb.

Medianews.az

Bizə qoşulun