Əslən Qərbi Azərbaycandan olan təhsil eksperti Etibar Əliyev Medianews.az-a deyib ki, vaxtilə orta məktəbdə erməni dilini öyrəndiyindən Ermənistanda bu ayın 7-də keçiriləcək parlament seçkisində namizədlərin seçki marafonunu daha diqqətlə izləyə bilir.

O xatırladıb ki, Azərbaycanın bir sıra politoloqları Ermənistanda parlament seçkisindən sonra ciddi toqquşmaların baş verməsi ehtimalından danışırlar: “Şübhəsiz ki, burada Rusiya faktorunun önəmli rol oynaması istisna olunmur. Amma mənim gəldiyim qənaət budur ki, Ermənistanda insanları vətəndaş müharibəsinə sürükləyən impuls yoxdur”.
E.Əliyevin sözlərinə görə, Ermənistanda müharibə tərəfdarı olan ekstremist ünsürlərin bir qismi ölüb, yerdə qalanlar isə susqunluq nümayiş etdirirlər: “Keçmiş prezident Robert Köçəryanın görüşlərində onun pessimist durumda olduğu açıq-aşkar hiss olunur, əhali onu dəstəkləmir.
Erməni xalqı qısa zaman kəsiyində sülhü dəstəkləmək zorunda qalıb və adaptasiya hiss olunur.
Köçəryanın təhtəlşüurundan vaxtilə hiyləgərcəsinə istifadə etdiyi Qarabağ faktoru silinməyib. Hegelin məşhur sözü ilə ifadə etsəm, onun şüuru bədbəxtçilikdən xilas olmayıb. Və bu seçki onu tarixin zibilliyinə atacaq”.
E.Əliyevin fikrincə, Rusiyanın Ermənistanda qarşıdurma yaratmaq ehtimalı çox aşağıdır: “Bu tendensiyada səbəb-nəticə əlaqələri açıq-aşkar hiss olunur. Z nəslinin siyasi proseslərə marağı demək olar ki, yoxdur. Orta və yaşlı nəsil isə sələflərindən ibratəmiz dərslər alıblar.
Köçəryanın sosial şəbəkələrdə və televiziyalarda izləyiciləri baş nazir Nikol Paşinyandan 50-100 dəfə azdır.
Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın sülh əldə olunması istiqamətində apardıqları uğurlu danışıqlar və nüfuzlu beynəlxalq təşkilatların mükafatlarına birgə layiq görülmələri regionda yüksək səviyyədə qarşılıqlı anlaşmanın əldə olunmasına sübutdur. Və dünyanın aparıcı dövlətlərinin bu prosesə dəstəyi açıq-aşkar hiss olunur”.
Nailə Qasımova,
Medianews.az