Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinad olunmayacaq.
O, bu fikirləri martın 12-də İrəvanda keçirdiyi brifinq zamanı səsləndirib.
“Müstəqillik Bəyannaməsi konflikt məntiqi üzərində qurulub. Biz müstəqil dövləti konflikt məntiqinə əsaslanaraq qura bilmərik”, - hökumət başçısı söyləyib.
Eyni zamanda, N.Paşinyan Azərbaycanla sülh sazişinin mütləq imzalanacağına əminliyini ifadə edib.
“Mən artıq demişdim və bir daha təkrar edirəm: ardıcıl, sakit diplomatik iş aparılır. Sülh sazişinin imzalanacağına şübhə etmirəm. İndi məsələ bunun nə vaxt baş verəcəyidir – apreldə, mayda, iyunda, sentyabrda, lakin o mütləq imzalanacaq”, - o söyləyib.
Baş nazir vurğulayıb ki, hələ saziş olmasa da, sülh artıq bərqərar olub: “Bu gün biz sülhdən danışırıq. Sülh istəməyən və vəziyyəti geriyə döndərməyə çalışacaq qüvvələr var. Biz, Ermənistan vətəndaşları, bərqərar olmuş sülhün müdafiəsinə qalxmalıyıq. Kommunikasiyalara gəldikdə, biz irəliləyirik və çox fəal işləyirik. Mən bir daha təsdiq etmək istəyirəm: biz Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında əlaqəni Ermənistan ərazisi vasitəsilə təmin etməyə hazırıq”.
Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 23 avqust 1990-cı ildə Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilib. Həmin bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları əksini tapıb. Bəyannamənin qəbulundan sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü geniş füsət almışdı və Azərbaycan ərazisinin 20 faizi işğal edilmişdi.
Azərbaycan 2020-ci ilin Vətən müharibəsi və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror əməliyyatları torpaqlarını erməni işğalından azad edib.
Rəsmi Bakı Ermənistanla sülh müqaviləsinin imzalanması üçün Müstəqillik Bəyannaməsinin dəyişdirilməsini tələb edir. /yenisabah.az/