“Mənim əsas iş yerim Akademik Rus Dram teatrıdır. Orada aktrisa kimi çalışıram. “M-teatr”-da da aktrisa olaraq çalışıram. Mən 3-cü əlavə ali təhsil alıram. Mədəniyyət və İncəsənət universitetində, teatr rejissoru ixtisasındayam. İkinci kursda oxuyuram. Artıq quruluş verdiyim “Sən həmişə mənimləsən” əsəri “M-teatrın” səhnəsində oynanılır. Çox gözəl tamaşadır. Hər kəsə tövsiyyə edirəm ki, gəlib izləsin. Yeni üslubdadır”.
Bunu Medianews.az-a açıqlamasında tanınmış aktrisa Oksana Rəsulova deyib.

O daha sonra “M-teatr”-ın səhnəsində oynadığı tamaşalardan danışıb: “Yanvar ayının 11-də “Qızıl antilop” adlı uşaq tamaşasın təhvil verdim. Hind nağılıdır. Hind musiqisi, rəqsləri ilə zəngindir. Bütün əhvalatlar Hindistanda baş verir. “M-teatr”-ın səhnəsində “İnstinkt” və “Yad qadının məktubu” tamaşalarında oynayıram. Xalq artisti Vidadi Həsənovun rəhbərliyi və rejissorluğu altında “Kerri bacı” əsərini tamaşaya hazırlayırıq. O tamaşada Kerri bacı rolunu oynayıram. Çox gözəl tamaşa gözlənilir. Çünki burada bir neçə peşəkar insanlar çalışır. Amma belə ümumi götürəndə bizim teatrda başqa aktyorlar da var. Onlar da işləyirlər, çalışırlar. “6-cı palata”, “Amok” tamaşası, “Ovod”, “Adamlar və siçanlar” tamaşaları oynanılır".

Aktrisa bildirib ki, işləri nə qədər çox da olsa oğlu Osmana hər zaman vaxt ayırır: “İşlər əlbəttə ki, çoxdur, amma Osman mənim üçün ən birinci yerdədir. Çalışıram ona vaxt ayırım. Alınmasa da, alınsa da vaxt ayırıram. Başqa yolum yoxdur. Bir neçə gündür bir yerdəyik. Dayəni, yəni xalamı buraxmışam, evdədir, istirahət edir. Ayda 1 dəfə 10 günə qədər Osmanla ikimiz qalırıq. Adi günlərdə əlbəttə ki, o saat 5-ə qədər məktəbdə olur. 6 və bazar çalışıram ki, Osmanla vaxt keçirə bilim. Kinoya, teatra birlikdə gedirik. Elə vaxt olur ki, onu məşqlərimə də aparıram”.
Əli Əsgər,
Medianews.az