Son illər Azərbaycanda boşanma halları yalnız gənc ailələr arasında deyil, orta yaşlı və uzun illər evli qalan cütlüklər arasında da artmağa başlayıb. Bu vəziyyət cəmiyyətdə ailə münasibətləri və hüquqi məsələlər ətrafında müzakirələri daha da artırır. Boşanma zamanı ən çox mübahisə doğuran mövzulardan biri isə əmlak bölgüsü və yaşayış hüquqlarıdır. Əgər ev nikahdan əvvəl alınıbsa, qarşı tərəfin həmin mənzildə pay və ya yaşamaq hüququ varmı? Boşanma zamanı bu kimi məsələlər qanunvericiliyə əsasən necə həll olunur?

Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında vəkil, hüquqşünas Elnur Məmmədov deyib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, nikah dövründə ər-arvad tərəfindən əldə edilmiş əmlak, bir qayda olaraq, onların ümumi birgə mülkiyyəti hesab edilir və boşanma zamanı bölünür.
Onun sözlərinə görə, əmlakın kimin adına rəsmiləşdirilməsinin hüquqi əhəmiyyəti yoxdur; əsas məsələ onun hansı vəsait hesabına və hansı dövrdə əldə edilməsidir:
“Hətta tərəflərdən biri işləməsə, ev təsərrüfatı ilə və ya uşaqların tərbiyəsi ilə məşğul olsa belə, ümumi əmlak üzərində hüququ saxlanılır. Ailə Məcəlləsinin 34-cü maddəsinə görə nikaha daxil olmamışdan əvvəl əldə edilmiş əmlak, hədiyyə kimi alınmış əmlak, vərəsəlik qaydasında əldə edilmiş əmlak, digər əvəzsiz əqdlərlə əldə edilmiş əmlak, fərdi istifadə əşyaları (ziynət əşyaları istisna olmaqla) şəxsi əmlak hesab edilir və adətən bölünmür.
Bundan əlavə, əgər tərəflərdən biri nikahdan əvvəl ona məxsus əmlakı sataraq əldə etdiyi vəsait hesabına nikah dövründə yeni əmlak alıbsa və bunu sənədlərlə sübut edə bilirsə, həmin yeni əmlak da onun şəxsi əmlakı hesab oluna bilər və bölgüyə daxil edilməyə bilər”.
Hüquqşünas qeyd edib ki, nikahdan əvvəl alınmış əmlakların bölünməsinin mümkün olduğu hallar da mövcuddur:
“Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən, nikahdan əvvəl əldə edilmiş əmlakın dəyəri nikah dövründə ailənin ümumi vəsaiti və ya digər tərəfin əməyi hesabına əhəmiyyətli dərəcədə artırılmışdırsa, həmin əmlak birgə mülkiyyət hesab edilə bilər. Yəni, əmlak üzərində əsaslı təmir, yenidənqurma, əlavə tikili inşa edilməsi, kommunikasiya xətlərinin çəkilməsi, bahalı avadanlıq və qurğuların quraşdırılması belə hallara aid edilə bilər. Əmlak heç də düşünüldüyü kimi hər tərəfə həmişə 50 faiz pay müəyyən edilməklə bölünmür. Belə ki, tərəflərdən birinin öhdəsində azyaşlı uşaqlar varsa, məhkəmə onların mənafeyini nəzərə alaraq, həmin tərəfin payını daha çox müəyyən edə bilər”.
E.Məmmədov sonda vurğulayıb ki, əgər ər-arvad arasında nikah müqaviləsi bağlanıbsa, əmlakın bölgüsü əsasən həmin müqavilənin şərtlərinə uyğun aparılır:
“Müqavilədə həm mövcud, həm də gələcəkdə əldə ediləcək əmlakın hüquqi rejimi müəyyən edilə bilər.
Boşanmadan sonra ümumi əmlakın bölünməsi barədə məhkəməyə müraciət etmək üçün qanunla 3 illik iddia müddəti müəyyən edilmişdir”.
Oğuz Ayvaz,
Medianews.az