Rusiyanın paytaxtı Moskvada baş vermiş partlayış nəticəsində həlak olan 57 yaşlı general-leytenant Davıdovun ölümü ilə bağlı istintaq davam edir.
Medianews.az xəbər verir ki, hadisə Moskvanın Balaşixa rayonunda qeydə alınıb.
Məlumata görə, Davıdovun idarə etdiyi BMW X3 markalı avtomobildə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb. İlkin araşdırmalar zamanı avtomobilin baqaj hissəsinə təxminən 500 qram TNT ekvivalentində partlayıcının yerləşdirildiyi müəyyən olunub.
Şahidlərin sözlərinə görə, partlayışdan sonra avtomobil alovlanaraq idarəetmədən çıxıb və yol kənarında dayanan başqa bir nəqliyyat vasitəsinə çırpılıb. Hadisə yerinə gələn xilasedicilər generalı avtomobildən çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq zamanı diqqətçəkən bir məqam da üzə çıxıb. İddialara əsasən, hərbi məktəbdə təhsil alan oğlu Rafaelin sosial şəbəkədə paylaşdığı foto hücumun təşkilatçılarına kömək etmiş ola bilər. Həmin şəkildə generalın istifadə etdiyi avtomobilin dövlət nömrə nişanının aydın göründüyü bildirilir. Təhlükəsizlik orqanları hücumçuların bu məlumat vasitəsilə avtomobili şəhərin müşahidə sistemləri üzərindən izlədiyini ehtimal edir.
Partlayışdan sonra Moskvada təhlükəsizlik tədbirləri gücləndirilib. Hüquq-mühafizə orqanları şəhərin başqa bir hissəsində aşkar olunan ikinci partlayıcı qurğunun zərərsizləşdirildiyini açıqlayıb.
Hücuma görə məsuliyyəti hələlik heç bir qrup üzərinə götürməyib. Ukrayna rəsmiləri də hadisə ilə bağlı rəsmi açıqlama verməyiblər.
Məlumatlara görə, hadisədən sonra Kreml ətrafında təhlükəsizlik səviyyəsi artırılıb və ölkə üzrə müşahidə kameralarının görüntülərinin yenidən yoxlanılması tapşırılıb.