Azərbaycanda prezident, parlament, bələdiyyə seçkilərinin, həmçinin referendumların hazırlanmasına və keçirilməsinə məsul Mərkəzi Seçki Komissiyasının (MSK) səlahiyyət müddəti 5 ildir.
İndiki MSK üzvlərini Milli Məclis 2021-ci il aprelin 27-də seçib.
18 üzvdən ibarət MSK-da 6 yeri parlamentdəki çoxluq partiyasının, 6 yeri azlıq partiyalarının, 6 yeri partiyasız deputatların təqdim etdiyi nümayəndələr tutur. Partiyasız deputatların MSK-ya 1 namizədi çoxluq partiyası ilə, 1 namizədi azlıq partiyaları ilə razılaşdırılmalıdır.
İndiki Milli Məclisdə 11 partiya təmsil olunur. Yeni Azərbaycan Partiyasının 67, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ədalət, Hüquq, Demokratiya Partiyası, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının 1, partiyasız şəxslərin 45 mandatı var.
2000-ci ildən MSK-ya Yeni Azərbaycan Partiyasının nümayəndəsi Məzahir Pənahov sədrlik edir.

Medianews.az bildirir ki, MSK-nın bu il formalaşdırılacaq yeni tərkibini üç seçki kampaniyası gözləyir. Ölkədə növbəti prezident seçkisi 2031-ci, parlament seçkisi 2029-cu, bələdiyyə seçkiləri 2030-cu ilə düşür.
Dövlət müstəqilliyinin bərpa olunduğu 1991-ci ildən sonra Azərbaycanda 6 referendum, 9 prezident seçkisi, 7 parlament seçkisi, 6 bələdiyyə seçkiləri keçirilib.
1991-ci il avqustun 30-da parlament dövlət müstəqilliyinin bərpası haqqında bəyannaməyə səs verib, oktyabrın 18-də dövlət müstəqilliyi haqda konstitusiya aktı qəbul edib, dekabrın 29-da həmin sənəd referendumla təsdiqlənib.
1993-ci il avqustun 29-da keçirilmiş referendumda parlamentin iyunun 24-də çıxardığı qərar – Əbülfəz Elçibəyin prezident səlahiyyətindən məhrum edilməsi rəsmiləşib.
1995-ci il noyabrın 12-də, parlament seçkisi ilə eyni gündə keçirilmiş referendumda konstitusiya qəbul olunub, 2002-ci il avqustun 24-ü, 2009-cu il martın 18-i və 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlarda konstitusiyaya dəyişikliklər edilib.
1991-ci il sentyabrın 8-də Ayaz Mütəllibov, 1992-ci il iyunun 7-də Əbülfəz Elçibəy, 1993-cü il oktyabrın 3-də, 1998-ci il oktyabrın 11-də Heydər Əliyev, 2003-cü il oktyabrın 15-də, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də, 2024-cü il fevralın 7-də İlham Əliyev prezident seçilib.
1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də, 2015-ci il noyabrın 1-də növbəti, 2020-ci il fevralın 9-da, 2024-cü il sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib.
Bələdiyyə seçkiləri bu tarixlərdə gerçəkləşib: 12 dekabr 1999-cu il, 17 dekabr 2004-cü il, 23 dekabr 2009-cu il, 23 dekabr 2014-cü il, 23 dekabr 2019-cu il, 29 yanvar 2025-ci il.
1991 və 1992-ci illərdə seçilmiş prezidentlər vaxtından əvvəl postdan gediblər.
2009-cu ildə ardıcıl iki dəfədən çox prezident seçilmək yasağı götürülüb.
2016-cı ildə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb, həmçinin növbədənkənar prezident və parlament seçkisi qaydaları qüvvəyə minib.
Toğrul Əli,
Medianews.az