Ürək-damar, onkoloji və endokrin xəstəliklər, eləcə də qrip növbəti beş ildə əsas ölüm səbəbləri sırasında olacaq.
Bunu Rusiya Elmlər Akademiyasının akademiki, məşhur epidemioloq və Rusiya Təhsil Akademiyasının vitse-prezidenti Gennadi Onişenko TASS-a açıqlamasında deyib.
Mütəxəssis qeyd edib ki, qripin ştammları zamanla dəyişir. Bununla belə, epidemioloq insanlara xəbərdarlıq edərək qripə adi virus kimi baxmamalarını tövsiyə edib. Çünki qrip yoluxucu xəstəliklər arasında ən çox ölümə səbəb olan virus olaraq qalacaq. O əlavə edib ki, qrip infeksiyası ürək xəstəliklərinin inkişafına səbəb olur və hətta ciddi ağırlaşmalara da səbəb ola bilir.
Onişenkonun sözlərinə görə, ölüm nisbəti yüksək olan xəstəliklərin siyahısı son iyirmi ildə dəyişməz qalıb. Hətta koronavirus pandemiyası dövründə belə qrip insanlara az zərər vuran xəstəlik olmayıb. Amma COVID-19-un yayılmasının qarşısını almaq üçün ayrı-ayrı ölkələrdə hakimiyyət orqanlarının tətbiq etdiyi uğurlu məhdudlaşdırıcı tədbirlər sayəsində insanlarda qripə yoluxma halları azalmışdı: "Amma bəzi yeni infeksiyalar ortaya çıxır. İndi biz meymunçiçəyindən danışırıq. O, artıq insan populyasiyasına daxil olub"./publik.az