Medianews.az
Netanyahudan gözlənilməz geri addım:
202 baxış

Netanyahudan gözlənilməz geri addım: “Rejimi təkbaşına devirmək mümkün deyil”

İsrailin Baş naziri Benyamin Netanyahu İranla müharibənin başlamasından sonra ilk dəfə mətbuat konfransı keçirib.

Medianews.az-ın məlumatına görə, o, İran rejiminin devrilməsinin yalnız İran xalqının səyləri ilə mümkün olacağını deyib.

Netanyahu bildirib ki, İsrail və ABŞ İranla bağlı məsələlərdə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, Vaşinqtonla “misli görünməmiş ittifaq” qurulub və ABŞ Prezidenti Donald Tramp ilə hər gün əlaqə saxlanılır, qərarlar birgə müzakirə olunur.

Baş nazir İran vətəndaşlarına müraciət edərək rejimə qarşı hərəkət etməyə çağırıb. O, ölkədə azadlığa doğru yeni mərhələnin yaxınlaşdığını iddia edib və son qərarın iranlıların öz əlində olduğunu vurğulayıb.

Netanyahu İran müxalifətinə silah verilməsi ilə bağlı sualı birbaşa təkzib etməyib. O qeyd edib ki, rejimin dəyişməsi üçün İran xalqının fəallığı vacibdir və bu istiqamətdə dəstək göstərilə biləcəyini bildirib. Baş nazir həmçinin rejim devrilməsə belə, ciddi şəkildə zəifləyəcəyinidə vurğulayıb.

Həmçinin Netanyahu İranı İsraili məhv etmək məqsədilə nüvə silahı hazırlamaqda ittiham edib. Onun sözlərinə görə, İsrail İranın nüvə imkanlarını zəiflətmək üçün açıq və gizli əməliyyatlar həyata keçirir. O iddia edib ki, Tehran raket və nüvə infrastrukturunun böyük hissəsini yeraltına köçürür və vaxtında addım atılmasa, bu sistemlər qısa müddətdə hücumlardan qoruna bilər.

Netanyahu Livan hökumətini “Hizbullah” qruplaşmasını tərksilah etməyə çağırıb. Əks halda İsrail müdaxilə edə bilər və “Hizbullah” bunun ağır nəticələri ilə üzləşəcək.

İsrail lideri ölkəsinin hərbi gücünün gözləniləndən daha böyük olduğunu iddia edib və davam edən münaqişənin regiondakı siyasi balansı dəyişəcəyini deyib. Qeyd edib ki, İsrail təhlükə gördüyü qüvvələrə qarşı zərbələr endirməyə davam edəcək.

Medianews.az

Bizə qoşulun