2028-ci ilin sonuna qədər Azərbaycan dili üzrə Böyük Dil Modellərinin yaradılması nəzərdə tutulur.
Medianews.az xəbər verir ki, bunu Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda keçirilən ictimai dinləmədə komissiyanın sədri, deputat Ramid Namazov deyib:
"Bunun əhəmiyyəti ondan ibarətdir ki, dünyada mövcud olan böyük dil modellərinin əksəriyyəti ingilis və bir neçə başqa dominant dil üzərində öyrədilib, bu isə Azərbaycan dilində keyfiyyətli süni intellekt xidmətlərinin məhdudluğu deməkdir. Öz dilimizdə güclü modellər yaratmaq mədəni və linqvistik suverenliyimizi daha da artıracaq".
"Süni İntellekt Strategiyası dörd əsas istiqaməti əhatə edir: süni intellektin idarə edilməsinin təkmilləşdirilməsi; məlumatların idarə edilməsi və hesablama infrastrukturunun inkişafı; kadr potensialının gücləndirilməsi; ictimai maarifləndirmə. Strategiyada açıq şəkildə vurğulanır ki, cəmiyyətin süni intellektin təkcə imkanları deyil, həm də riskləri barədə məlumatlandırılması və bu sahədə etik prinsiplərin qorunması dövlətin prioritet vəzifələrindən biridir. Bu çərçivədə yaradılan Süni İntellekt Akademiyası beynəlxalq standartlara uyğun tədris proqramları vasitəsilə 500 mühəndisin hazırlanmasını və 3 min nəfərlik süni intellekt icmasının formalaşdırılmasını hədəfləyir. Bu sahənin inkişafı ilə bağlı onun demək olar ki, Azərbaycanın süni intellekt sahəsindəki strategiyası xüsusi sahələrdə suverenliyi təmin edərkən, digər sahələrdə beynəlxalq tərəfdaşlıqdan faydalanan balanslaşdırılmış bir modeldir", - deyə komissiya sədri qeyd edib./oxu.az