İyulun 15-dən ölkəmizdə yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanı tədavülə buraxılacaq.
Mərkəzi Bankın bununla bağlı üç ay qabaq yaydığı açıqlamada deyilirdi ki, ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) prosesinə başlanıb.
Həmin proses yekunlaşıbmı, nağd pul sistem və avadanlıqları yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılıbmı?
Medianews.az saytı bunu öyrənmək üçün Mərkəzi Banka sorğu göndərib.

Sorğuya cavab olaraq bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin 18 may 2020-ci il tarixli 23/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası” qaydaları var: “Həmin qaydaların 3.7-ci bəndinə əsasən, bankların istismarında olan nağd pul avadanlıqları, o cümlədən pulsayan, emal edən, qəbul edən (avtomatlaşmış cash-in maşınları) və başqa avadanlıqlar həqiqi milli pul nişanlarını tanımalıdır və saxta pul nişanlarını qəbul etməməlidir. Bu tələbə uyğun olaraq təchizatçı şirkətlər yenilənmiş 100 AZN pul nişanının ölkədə istismar edilən bütün nağd pul avadanlıqlarına tanıdılması üçün adaptasiya prosesləri aparır. Mərkəzi Bank tənzimləyici orqan kimi adaptasiya proseslərinə nəzarət edir və testlər həyata keçirir. Hazırda yekun mərhələdə olan prosesləri pul nişanlarının tədavülə buraxılacağı tarixədək tamamlamaq planlaşdırılır”.

Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri kimi üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.
Yenilənmiş 100 manatın üzərində Mərkəzi Bankın sədri Taleh Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir.
Yeni 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.
Nailə Qasımova,
Medianews.az