Dünya bazarlarında neft və qızılın qiymətindəki kəskin dəyişikliklər həm ölkə iqtisadiyyatına, həm də əhalinin büdcəsinə müxtəlif formalarda təsir edir. Neft qiymətlərinin artması qlobal miqyasda yanacaq və enerji xərclərini yüksəltsə də, Azərbaycanda vəziyyət fərqlidir.
Medianews.az xəbər verir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, neftin qiymətinin artması və azalması sıravi vətəndaşlara birbaşa təsir etmir, çünki Azərbaycanda benzin qiymətləri dövlət tərəfindən tənzimlənir.
"Ona görə də beynəlxalq bazarda neftin qiyməti dəyişsə belə, vətəndaşlar üçün birbaşa nəticəsi olmur. Qızıl məsələsində isə dalğalanmalar daha çox hiss olunur. Bəzi vətəndaşlar qiymət yüksələndə aldılar, indi isə qiymətlər düşdüyü üçün itki ilə üzləşiblər. Digərləri isə indiki qiymətləri fürsət hesab edərək alırlar, ümid edirlər ki, gələcəkdə qiymət yenidən artacaq".
Ekspert bildirib ki, buna görə də şəxsi və fərdi investorlar, yəni vətəndaşlar, qızıl alqı-satqısında ehtiyatlı olmalıdır.
"Kiçik həcmdə qızıl almaq və bunu yatırım kimi istifadə etmək çox vaxt gözlənilən effekti vermir və dalğalanmaların qurbanına çevrilmək riski yüksəkdir".
Natiq Cəfərli qeyd edir ki, fərdi investorlar qızıl alqı-satqısında son dərəcə ehtiyatlı davranmalıdırlar. Xüsusilə kiçik həcmli yatırımlar çox vaxt gözlənilən gəliri gətirmir və vətəndaşlar bazar dalğalanmalarının qurbanına çevrilirlər.
Qeyd edək ki, qlobal neft bazarında qiymət sabitliyi həm də strateji nöqtələrdən asılıdır. Dünyanın ən mühüm su yollarından biri sayılan Hörmüz boğazı qlobal neft ticarətinin "nəbzini" tutur. Gündəlik neft hasilatının təxminən 20 faizi məhz bu dar boğaz vasitəsilə daşınır.
Regionda yaşanan hər hansı siyasi gərginlik və ya boğazın bağlanma ehtimalı neftin qiymətində kəskin sıçrayışlara səbəb ola bilər. Bu isə birbaşa olaraq qlobal inflyasiyanı tetikləyən və bütün ölkələrin enerji təhlükəsizliyinə təsir edən əsas amildir.
Məlumat üçün bildirək ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,81 ABŞ dolları və ya 3,07% artaraq 128,05 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.