Medianews.az
Nazirliklərdə yeni müavin postları:
111 baxış

Nazirliklərdə yeni müavin postları: Bir ay qaldı

Fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə müəyyən edilmiş prioritetlərə uyğun olaraq “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” təsdiqləndi. Fəaliyyət Planında nazirliklərdə rəqəmsallaşma, süni intellekt və kibertəhlükəsizlik üzrə məsul nazir müavinlərinin müəyyənləşdirilməsi də nəzərdə tutulur. Planda bu tapşırığın icrası üçün son müddət kimi iyun ayı göstərilib.

Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz məsələ ilə bağlı Medianews.az-a açıqlamasında deyib ki, tapşırığın icra müddətinin bitməsinə bir ay qalsa da, hələlik bu sahədə ciddi irəliləyiş görünmür: “Düşünürəm ki, adında "rəqəmsal", "süni intellekt" sözü olan proseslərdə gecikmək, ləngimək yolverilməzdir. Çünki burada söhbət formal vəzifədən yox, yeni idarəetmə modelindən, real transformasiya proseslərini sürətləndirəcək konkret cavabdehlikdən gedir. Hər ləngidiyimiz gün bizim rəqəmsal inkişaf tempimizə və dolayısı ilə rəqabətə davamlılığımıza mənfi təsir edir.

Maraqlı məqam odur ki, bu sahədə artıq az sayda olsa da yetişmiş və formalaşmış kadrlarımız var. Bir sıra nazirliklərdə, agentliklərdə və özəl sektorda çalışan mütəxəssislər var ki, onlar dərhal rəqəmsal sahəyə məsul nazir müavini kimi fəaliyyətə başlayaraq ciddi fayda verə bilərlər. Yəni bu şəxslər yalnız texniki-texnoloji bilik və bacarıqlara sahib deyillər, onlar həm də menecerlərdir, böyük rəqəmsal layihələr icra ediblər.

Xüsusilə qeyd etmək lazımdır ki, bir neçə dövlət qurumunda illərdir bu istiqamətdə çalışan, real nəticələri olan layihələr icra etmiş, sistemi dərindən bilən hazır və peşəkar kadrlar mövcuddur. Ən azı tez bir zamanda bu şəxslərin təyinatı qısa müddətdə real nəticələr verə bilər. Ona görə də bu məsələdə ləngimək doğru olmazdı.

Qonşu regiona, ölkələrə baxdıqda isə mənzərə daha da aydın görünür. Qonşu ölkələr rəqəmsal iqtisadiyyat, startap ekosistemi və xüsusilə süni intellekt sahəsində çox sürətlə irəliləyir. Onlar da artıq bu sahələr üzrə konkret cavabdeh strukturlar və şəxslər formalaşdırıb, müasir çağırışlara uyğun idarəetmə modelləri qurublar. Konkret cavabdehlər məlumdur. Bu yanaşmaların nəticəsi olaraq, həmin ölkələrdə qısa müddətdə süni intellekt sahəsində milyard dollarlıq startapların yaranması müşahidə olunur.

Bu baxımdan düşünürəm ki, hər ötən gün Prezidentin irəli sürdüyü yeni idarəetmə modelinin tətbiqinin gecikdirilməsi artıq strateji riskə çevrilir. Proseslər sürətləndirilməlidir. Xüsusilə də Prezidentin Fərmanı əsasında yeni yaradılmış Rəqəmsal İnkişaf Şurası ilə rəqəmsal müavinlərin koordinasiyalı fəaliyyəti qurularsa, belə bir model qısa zamanda çox ciddi nəticələr verə bilər. Şuranın Katibliyi funksiyasını həyata keçirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin bu istiqamətdə səylərini daha da gücləndirməsi vacibdir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun