Medianews.az
Namaz qılmadan cənnətə düşmək mümkündür? –
391 baxış

Namaz qılmadan cənnətə düşmək mümkündür? – İlahiyyatçıdan AÇIQLAMA

İslam dinində namaz bütün ibadətlərin əsası kimi qəbul olunur və onun qəbul olunması digər əməllərin dəyərini müəyyənləşdirir. Bununla belə, Quranda qeyd olunur ki, kim az da olsa yaxşı əməl görsə, onun savabını mütləq alacaq. Bu baxımdan, bəziləri düşünür ki, yaxşı əməlləri çox olan insan, namaz qılmasa belə, nicat tapa bilər. Bəs namaz qılmayanlar cəhənnəmə düşəcək?

Mövzu ilə bağlı Medianews-a açıqlamasında ilahiyyatçı Rüfət Qarayev bildirdi ki, İslam dinində namaz mühüm ibadətlərdən sayılır:

“İslamın beş vacib şərtlərindən birinin də namaz olduğu bildirilir. Allah Rəsulu (s) buyurur ki; "Namaz dinin sütunudur." Yəni bir bina sütunlar üzərində inşa olunduğu kimi, İslam binası da namaz ibadəti üzərində inşa olunur. Qurani-Kərimin ayələrinə nəzər saldığımız zaman, namazın insanı çirkin əməllərdən təmizlədiyinin şahidi oluruq. Hər nə qədər bir çox insanlarımız düşünsələr də ki, mən hələ namaza hazır deyiləm, bunun üçün də namaz qılmıram, Qurani-Kərimə nəzər yetirdiyimiz zaman bu düşüncənin yanlış bir düşüncə olduğunu anlayır və insanın namaz vasitəsiylə təmizlənib Allahın hüzuruna hazırlandığını görürük”.

R.Qarayevin sözlərinə görə, bütün namaz qılanların hamısının cənnətə getməyəcəyi kimi, namaz qılmayanların da hamısı cəhənnəmə getməyəcəkdir:

“Bunun üçün də bir Qüdsi-hədisdə buyrulur ki; "Allah baxmaz sizin zahirinizə və mallarınıza, baxar sizin qəlblərinizə və əməllərinizə." Şəriət zahirə hökm verir. İslam dini də namaz ibadətinə böyük önəm verir. Yəni namazsız insanın axirətdə işlərinin çətin olacağı bildirilir. Amma Allaha və Rəsuluna inanan insan heç vaxt əbədi olaraq cəhənnəmdə qalmayacaqdır. Bunun üçün də bizim vəzifəmiz insanlara Allahı və Rəsulunu (s) sevdirməkdir. Əhli-beytin yolunu göstərməkdir. Səhabələr kimi yaşamağı öyrənib və öyrətməkdir. Kimin cənnətə və kimin isə cəhənnəmə gedəcəyinin qərarını isə Allahın Özü verəcəkdir”.

Oğuz Ayvaz,

Medianews.az

Bizə qoşulun