Medianews.az
Mundialda hərc-MƏRClik
79 baxış

Mundialda hərc-MƏRClik

Hər dəfə futbol üzrə dünya çempionatlar sürpriz nəticələr olanda hamı bukmeker kontorlarının nəticəyə təsir göstərməsindən, uduzan və ya heç-heçə edən güclü komandanın oyunu satmasından şübhələnir.

Dünən axşam da elə bir şey oldu. Hamı gözləyirdi ki, İspaniya millisi Kabo-Verde yığmasını darmadağın edəcək – Almaniya futbolçuları Kuraçao komandasını etdiyi kimi.

Amma olmadı. Favorit ispanlar türkiyəli icmalçıların “Yaşıl burun” adlandırdığı ölkənin milli komandasının burnunu ova bilmədilər. Oyun heç-heçə bitdi.

Əgər hansısa ərki ötən dost həmin oyundan qabaq mənə zəng vurub desəydi ki, o oyuna mərc qoyuluşu etmək istəyir, İspaniyanın 4 qoluna mərc qoysunmu, deyərdim, 4 az olar e, qaqa, 4+ qol olacaq, Yamalgil 5-6 dənə vuracaq. Deyərdim və adamı uduzdurardım. O da gedib orda-burda deyərdi ki, adam 50 ildir futbola baxır, bildiyi bir şey yoxdur.

Bax, futbol belə oyundur, məşhur ifadə ilə desək, meydança hamar, top yumru, hər iki tərəfdə də 11 nəfər, bilmək olmur necə olacaq.

“Bilmək olmur” deyəndə, əslində bilmək olur, sadəcə, həmişə olmur. Bir futbol biləndarı istənilən oyunu düzgün analiz edə, rəqiblərin gücünü, ovqatını, əzmini dürüst şəkildə hesablaya, oyunun nəticəsini öncədən deyə bilər, amma matçın ortasında aydın olar ki, futbolçular heç də bilicinin proqnozuna layiq şəkildə oynamırlar, məşqçi yanlış taktika verib, hakim tərəflərin birinə üzgörənlik edir və s.

Yəni başqa, ikinci, üçüncü dərəcəli amillər futbol aliminin gül kimi proqnozunu zibilə döndərə bilər.

Futbol tarixində belə şeylər çox olub. O vaxt (2014-cü il mundialında) Braziliya millisi öz meydançasında almanlara 1:7 hesabı ilə uduzmadımı? Hamı təşər-təşər “pentakampeon” adlandırılan “sambaçı”lardan qələbə gözləyirdi, amma oyunun axırında aydın oldu ki, bu gün braziliyalıların oynadığı futbol elə samba-rumbaya daha çox oxşayır.

Hətta o vaxt belə söhbət çıxdı ki, almanlar braziliyalılara 5 qol vurandan sonra öz aralarında razılaşıblar ki, ta bəsdir, bunları öz azarkeşlərinin qabağında xəcil-rüsvay eləməyək. Heç demə, həmin razılaşma olanda Şurle bir kənarda imiş, söhbəti eşitməyib, nəticədə iki qol da o vurub.

İndi duraq deyək ki, braziliyalılar bukmeker kontoru ilə anlaşıb oyunu satmışdılar? Elə şey ola bilməzdi.

Hərçənd 1998-ci il çempionatında “pentakampeon”ların Fransa millisinə 0:3 hesabıyla uduzması həm sürpriz oldu, həm də şübhəli. Hələ də iddia edənlər var ki, həmin oyunun nəticəsini UEFA prezidenti Mişel Platini satın alıb və Zidanın komandasına bağışlayıb. Guya final oynayan tərəflərin ikisi də yaxşı pul qazanıb, fransızlar isə üstəlik çempion titulu.

Bu söhbət inandırıcıdırmı? Bəli. Çünki sonradan Platininin müxtəlif futbol maxinasiyalarında, fırıldaqlarda əli olduğu üzə çıxdı. O, mundial təşkl etmək hüququnu Rusiya və Qətərə satmaqda ittiham olunurdu. Adamı az qala tuturdular, amma İsveçrə məhkəməsi ona da, FİFA prezidenti Blatterə də bəraət verdi.

Başqa sözlə, futbol təsərrüfatı kələkbazlıqlarla, dələduzluqlarla doludur. Çünki bu qazanda milyardlar qaynayır, əlində çömçə olanlar isə hərdən bişirdiyinin dadına-duzuna baxan aşbazlar kimi hərəkət edir, qazandan çömçənin ucunda bir şeylər götürürlər. Bu isə milyonlar deməkdir.

Lakin yenə də ispanların Kabo-Verde millisi ilə heç-heçə oynamasını mərc dələduzluğuna bağlamaq mümkün deyil. “Toreador”lar çox çalışdılar, 90 dəqiqə hecum etdilər, təkqapı oyunu getdi, amma topu tora qovuşdura bilmədilər. Olmo nə qədər çalışsa da olmadı, cəlilabadlılar demişkən, olmoanda olmour.

Kabo-Verdenin oyununa gəlincə, o fitbol deyildi, heç anti-futbola da oxşamırdı (o, italyanların bacardığı işdir), nəydisə, qeyri-futbol idi. 11 qapıçı ilə oynayırdılar. Bu da yeni oyun sistemidir: 11-0-0-0.

Əslində Avstraliya millisi də Türkiyəyə qarşı təxminən elə oynadı. Ona görə də türklər Avstraliyanın yığma-yığışdırma komandasını uda bilmədi, uduzdu. Mərc qoşaram ki, Avstraliyanın gördüyü elə bu olacaq.

Bu baxımdan oyunların proqnozlarımızla düz gəlməyən nəticələrini bukmeker kontorlarının əməli hesab etmək düzgün deyil. Sadəcə, hələlik mundialda hərc-mərclikdir. Heç kim uduzmaq istəmir, rəqibin tituluna, mituluna baxmırlar, mitilinə döşəyirlər.

**

Dünya köhnə dünyadır, futboldakı sürprizlər, dələduzluqlar təzədir.

Samir SARI

Bizə qoşulun