Medianews.az
Moskva parlament seçkilərini İrəvanla müzakirə etmək hüququna malikdir -
103 baxış

Moskva parlament seçkilərini İrəvanla müzakirə etmək hüququna malikdir - Peskov

Moskva İrəvanla Ermənistanda növbəti parlament seçkilərini və onun gələcək planlarını müzakirə etmək hüququnu özündə saxlayır.

Medianews.az "Report"-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti"nin müxbiri Pavel Zarubinlə söhbətində bildirib.

"Biz həmkarlarımızla onların planlarını (qarşıdan gələn seçkilərlə bağlı - red.) müzakirə etməyi öz haqqımız hesab edirik", - deyə o qeyd edib.

Peskovun sözlərinə görə, Ermənistanın seçdiyi istiqamətlər Rusiyanın yüksək diqqət mərkəzindədir: "Bizdə yaşayan böyük erməni diasporu 2 milyon nəfərdən çoxdur. Buna görə də erməni rəhbərliyinin özü üçün seçdiyi həmin istiqamətlər bizim yüksək maraq dairəmizdədir".

Rusiya və Ermənistan liderləri Vladimir Putin ilə Nikol Paşinyanın 1 aprel tarixindəki görüşü barədə danışan Peskov qeyd edib ki, bir neçə saat davam edən danışıqlar faydalı, səmimi və zəruri idi.

"Tərəflər, xüsusən də Ermənistanda qarşıdan gələn seçkilər konteksində, eləcə də gündəmdə olan ticari-iqtisadi əməkdaşlığın əsas məsələləri ilə bağlı öz mövqelərini bir-birinin diqqətinə çatdırıb", - Peskov bildirib.

O, Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) və Avropa İttifaqında (Aİ) eyni vaxtda iştirakının mümkünsüzlüyünü bir daha vurğulayıb və hər hansı bir məqamda ölkə rəhbərliyinin seçim etməli olacağını deyib: "Biz deyirik ki, əgər siz (Ermənistan - red.) müəyyən mərhələdə Aİ ilə daha da irəli getsəniz, o zaman bizim iki sistemimiz bir-birinə uyğun gəlmir. Bunlar fərqli əməliyyat sistemləridir və siz hansısa bir məqamda seçim etməli olacaqsınız", - Kremlin rəsmi nümayəndəsi qeyd edib.

Bizə qoşulun