Medianews.az
Misir Mərdanov: “Mənə heç nə deyilməyib”
8,581 baxış

Misir Mərdanov: “Mənə heç nə deyilməyib”

Prezident İlham Əliyevin aprelin 4-də imzaladığı “Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam 17 institut əsasında publik hüquqi şəxs statuslu 8 institutun yaradılmasını da nəzərdə tutur.

Sərəncama görə, həmin 8 institut bunlar olacaq:

  • Geologiya İnstitutu;
  • Coğrafiya İnstitutu;
  • Fizika İnstitutu;
  • Kimya İnstitutu;
  • Riyaziyyat İnstitutu;
  • Botanika İnstitutu;
  • Canlı Sistemlərin Tədqiqi İnstitutu;
  • Molekulyar Biologiya İnstitutu.

Bu 8 institut aşağıda adları göstərilən 17 institutun əsasında yaradılacaq:

  • Geologiya İnstitutu – Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında;
  • Coğrafiya İnstitutu – Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında;
  • Fizika İnstitutu – Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında;
  • Kimya İnstitutu – Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında;
  • Riyaziyyat İnstitutu – İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında;
  • Botanika İnstitutu – Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında;
  • Canlı Sistemlərin Tədqiqi İnstitutu – Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında;
  • Molekulyar Biologiya İnstitutu – Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında.

Dövlət başçısı sərəncamda yeni institutların 2025-ci ilin sonunadək mərhələli şəkildə yaradılmasını tapşırıb.

Sərəncamın bu hissəsinin icrası ilə əlaqədar vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün avqustun 26-da Medianews.az saytı Elm və Təhsil Nazirliyi Riyaziyyat və Mexanika İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanova müraciət edib.

Misir Mərdanov deyib ki, institutların birləşdirilməsi, publik hüquqi şəxs statuslu yeni institutların yaradılması məsələsində vəziyyətin nə yerdə olduğu ona bəlli deyil: “Ola bilər, haradasa proses gedir, amma şəxsən mən bu barədə heç nə bilmirəm. Mənə heç nə deyilməyib. Bu haqda tam məlumatsızam”.

Qeyd etdiyimiz kimi, Prezidentin sərəncamı İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında publik hüquqi şəxs statuslu Riyaziyyat İnstitutunun yaradılmasını da nəzərdə tutur.

Medianews.az-a açıqlamasında Misir Mərdanov bildirib ki, baş direktoru olduğu Riyaziyyat və Mexanika İnstitutu əvvəlki qaydada fəaliyyətini davam etdirir: “Hələ ki, bizim institutla bağlı heç bir tədbir görülməyib və sözügedən məsələ ilə əlaqədar bizə heç bir tapşırıq verilməyib”.

“İnstitutların birləşdirilməsi və yeni institutların yaradılması prosesini bu gedişatla ilin sonunadək yekunlaşdırmaq olacaqmı?” sualına Misir Mərdanov yalnız belə cavab verə biləcəyini söyləyib: “Cənab Prezidentin tapşırığıdır, olmalıdır”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun