1942-1947-ci illərdə Azərbaycan SSR-in maarif naziri vəzifəsində işləmiş, 1954-1958-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinə, 1948-1954, 1965–1976, 1981-1986-cı illərdə Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik etmiş Xalq yazıçısı, akademik, ictimai xadim Mirzə İbrahimovun nikahdankənar qızı olub. Bunu Medianews.az-a fəlsəfə elmləri doktoru, nasir, dramaturq, əməkdar incəsənət xadimi Firuz Mustafa deyib.

F.Mustafanın sözlərinə görə, M.İbrahimovun nikahdankənar qızının adı Zamira olub: “Mirzə İbrahimov 1911-ci il təvəllüdlüdür. Zamira Mirzovna İbrahimova isə 1938-ci il mart ayının 5-də Rusiyanın Leninqrad şəhərində doğulub. 1960-cı ildə Leninqrad Dövlət Universitetini bitirən kimi könüllü olaraq Sibirə gedib. Onun sonrakı taleyi məhz Sibirlə bağlı olub. Zamira xanım uzun illər SSRİ-nin məşhur “Oqonyok” jurnalının, “Literaturnaya qazeta” qəzetinin Sibir üzrə xüsusi müxbiri işləyib. O, əsasən Sibirdə, xüsusən Novosibirskdə yaşayan alimlərin fəaliyyətindən yazıb. Zamira İbrahimovanın imzası mənə o vaxtdan tanış idi. 1970-ci illərdə onun imzasını tez-tez “Oqonyok”un, “Literaturnaya qazeta”nın səhifələrində görürdüm.

Zamira xanım hesab edirdi ki, jurnalistika elmin inkişafına təkan verir. Onun dərin müşahidə və mühakimə qabiliyyəti, analitik təfəkkürü və zəngin dili yazılarından aydın hiss olunurdu.
Zamira İbrahimova həm də gözəl nasir və istedadlı dramaturq idi. O, özü və ailəsi haqqında danışmağı xoşlamazdı. Amma mətbuatda gedən yığcam, “xəsis” müsahibələrindən belə məlum olur ki, Sibirdə ailə qurub, oğlu və qızı var. Kürəkəni rejissordur.

Düzünü deyim ki, mənim diqqətimi çəkən təkcə onun yazıları yox, həm də adı, soyadı və “inisialı” (ata adı) idi: Zamira Mirzovna İbrahimova.
Yaşlı yazıçı həmkarlarımdan eşitmişdim ki, bu xanım bizim böyük yazıçımız, akademik Mirzə İbrahimovun qızıdır. Mirzə müəllim 1937-ci ildə Leninqradda aspirantura təhsili almışdı. Sonralar bir sənəddə yazıçının o vaxt respublika rəhbəri Mir Cəfər Bağırova yazdığı “etiraf məktubunda” nikahdankənar bir qızının olduğunu etiraf etdiyi göstərilirdi.

Daha bir yazıçının xatirələrində qeyd olunurdu ki, 1950-ci illərdə SSRİ Ali Sovetinin qurultayında iştirak edən zaman (Mirzə İbrahimov 1937-1991-ci illərdə fasilələrlə bir neçə dəfə SSRİ Ali Sovetinin deputatı seçilib), Moskvada eyni mehmanxanada qalarkən Səməd Vurğun çox dərin hörmət bəslədiyi dostuna, yəni Mirzə İbrahimova qızı ilə bağlı “sirri” gizlətməyə bir ehtiyac duyulmadığını bildirib və Zamira ilə çəkinmədən görüşməyi tövsiyə edib.

Zamira Mirzovna İbrahimova öz yazı və müsahibələrində demək olar ki, valideynləri haqqında heç zaman söhbət açmayıb. Amma bir neçə dəfə doğulduğu günün o qədər də “uğurlu” olmadığını yarı zarafat-yarı ciddi qeyd edib. Bildiyimiz kimi, həmin gün (5 mart) diktator Stalinin öldüyü gündür.
Zamira xanım həm də təbli bir şair idi. Lakin yazdığı şeirləri “gizlədirdi”. Son şeirlərindən birində yazırdı:
Payız yarpağıyıq, bəli, biz indi,
Külək budaqlardan qoparır bizi.
Ay köhnə yarpaqlar, bizə çətindi,
O ötən günlərin hardadır izi?

Zamira İbrahimova 2023-cü il aprel ayının 5-də 85 yaşında vəfat edib. Onu rus jurnalistikasının vicdanı hesab edirdilər.
Elə 1993-cü il dekabrın 17-də 82 yaşında vəfat etmiş Xalq yazıçımız Mirzə İbrahimov haqqında söz açanlar da çox vaxt onu ədəbiyyatımızın vicdanı kimi dəyərləndirirlər. Allah hər ikisinə rəhmət eləsin!”
Toğrul Əli,
Medianews.az




